“Əhali sayının müəyyənləşdirilməsi üçün müxtəlif metodlar var, ən geniş yayılmış metodlardan biri elektrik, qaz və su istehlakının həcmidir. Ümümi istehlak həcminin adambaşına orta istehlaka bölməklə ərazidə yaşayan insan sayını təqribi müəyyən etmək olur”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, ötən ay Naxçıvanada istehlak edilən təbii qazın ümumi həcmi 9 030 783 kubmetr təşkil edib. Bu ilin iyun ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən təbii qazın ümumi həcmi 4 853 286 kubmetr təşkil edib. Yəni, əhaliyə verilən qazın həcmi cəmi 4 177 497 m3 olub.
“Adambaşına aylıq qaz istehlakı normasının ən aşağı həddi 18 m3-dir. Deməli, Naxçıvanda yaşayan əhali sayı 230 min civarındadır. 2014 cü ildə Naxçıvanın tam qazlaşdırılması başa çatıb.
Daha bir maraqlı məlumat odur ki, Naxçıvanda qaz pulunun yığımı rəsmi məlumatlara görə 100%-dən yüksəkdir, 113,2% qaz pulu yığılıb. Naxçıvanlılar aldığı qazın pulunu tam ödəsə bu 100% edər də, yəni onlar aldığından artıq ödəyirlər?
O qədər rəqəmlərlə rəqs etməyi öyrəniblər ki, elə bilirlər hər yerdə yüksək rəqəm yazmaq yaxşı işdir...”