Basqaldan üzü dağlara qalxırıq. Mücüyə, İsmayıllının ən ucqar kəndinə...
Ora getmək isə müşkül bir işdi. Dəniz səviyyəsindən 2000 metrə yaxın yüksəklikdə yerləşən bu kəndə ya “Niva” ilə qalxmalısan, ya da “UAZ”la. “Niva”nı yerli icra nümayəndəsi Xəyal Salmanov təşkil edir.
- Kəndə təxminən 6 km yoldur. Amma adı yoldu da. Çaylaqlardan keçib gedirsən. 6 km yolu , 40 dəqiqəyə təxminən. Çayın üstündən bir körpü atsaydılar, çox yaxşı olardı. Çünki sel gələndə ümumiyyətlə maşın hərəkət edə bilmir. Ətraf aləmlə əlaqə kəsilir...
“Niva” nərildəyə-nərildəyə üzü dağlara doğru qalxır. Allah bu yerlərin rəsmini o qədər mükəmməl çəkib ki, gözünü ətrafdan ayıra bilmirsən. Maşının narahatlığına, adamı atıb-tutmasına baxmayaraq, istəmirsən bu yol qurtara. Uzaqdan Mücü görünür. Kəndin bir tərəfi Niyal, digər tərəfi isə əfsanəvi Fit dağına söykənir.
Azərbaycanın ən qədim yaşayış məskənlərindəndi Mücü. Mücü kənd məktəbinin direktoru Ağabala Zülfüqarov deyir ki, Mücünün azı 2 min illik tarixi var.
- Çünki tarixi mənbələrdə adın şəkildə göstərilir ki, hələ 8-9-cu əsrlərdə Mücüdə qanovuz, kəlağayı toxunarmış. Kəlağayı başqa qonşu kəndlərdə də toxunardı, qanovuz isə ancaq Mücüdə.
Maraqlı adamdı Ağabala müəllim. İxtisasca riyaziyyatçı olsa da, buraların tarixini də gözəl bilir. Deyir, gələn il 100 yaşını qeyd edəcək Mücü kənd orta məktəbi. İlk buraxılışı 1925-ci ildə olub. Həmin 5 illik məktəbi 17 nəfər bitirib. İndi isə Mücü kənd orta məktəbində nə qədər şagird təhsil alsa yaxşıdır? Təəccüblənməyin: 13.
- Hamı köçüb gedir. 50-60 adam qalıb deyir, - Mücüdən.
Ağabala müəllim uzaqdan bir ev göstərir. Deyir, ora mənim babamın evidir.
- O yanıq yerlərini görürsənmi? 1918-ci ilin mayında ermənilər törədib. Həmin vaxt Mücüyə hücum çəkən ermənilər əvvəlcə hiylə işlədərək ağsaqqalları “Alçalıq” adlı yerə çağırırlar. Amma adamlar ora çatan kimi heç bir sorğu –sualsız onları güllələyiblər. Sonra kəndə hücum ediblər. Canını qurtaran qayalara meşələrə sığınıb. Böyük qətliam olub. 25-i uşaq olmaqla, 225 mücülünü süngüyə keçiriblər. Kəndi qarət ediblər. Sonra da evlərə od vurublar. Bura da, o vaxtdan qalanındı.
Əslində təkcə bu deyil, Mücrünün hər addımı tarixdi.
Kəndin bir başında Fit dağıyla üzbəüz Topbağı deyilən yer var. 1805-ci ildə general Sisianov toplarını bu zirvəyə qaldırıb, Fit dağında mövqe tutan Şamaxı xanı Mustafa xanın qərargahını bombalayıbmış. Elə o vaxtdan oranın adı Topbağı olaraq qalıb.
Ümumiyyətlə, Mücü istər Şirvanşahlar dövlətinin, istərsə də Şamaxı xanlığını tarixində mühüm rol oynayıb. İstər şah, istərsə də sonrakı hökmdarların zərbxanası məhz Mücüdə yerləşrmiş. Bəzən Şirvan ərazsində mövcud olmuş dövlətlərin pul vahidinə zərbi-Mücü də deyirlərmiş. Şəkildə gördüyünüz bu sikkənin isə Allah bilir neçə yaşı var.
Əfsanəvi Fit dağı. Bu sözü bayaqdan nahaq yerə-tez tez xatırlamırıq. 1 810 metr hündürlükdə olan bu dağ, hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Təsəvvür edin, bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyərmiş. Ona görə də XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmayıb.
Elə günü bu günümüzdə də, Fit dağı ətrafında insan ayağı dəyməyən yerlər var. Bir qədər əvvəl, daha dəqiqi 2018-ci il oktyabrın 3-də yerli sakin Mais Süleymanov bir neçə nəfərlə Mücüdən Fit dağını keçməklə dahs ənginliklərə doğru yürüş edib. Mais deyir ki, təxminən 8 km yol qət ediblər. Və bir qalaya çatıblar.
- “Mücü darvazası” adlanan yüksəkliyə çatıb, Şamaxı istiqamətində daha 3 km irəlilədik. Sıldırım qayada yerləşən bir qalaya rast gəldik. Qalaya çox çətinliklə çıxdıq. Ağac paçalarından dayaq verə-verə qalaya dırmandıq. Qalanın ərazisi təxminən ki hektardı. Divarları bu gün də qalmaqdadır. Qalaya yalnız bir yerdən giriş var. Bir yerdə isə yeraltı bunkerə rast gəldik. Heç bir erroziyaya uğramadan günümüzə qədər gəlib çıxıb. Böyük ehtimalla bu bunker hökmdarların sığınacaq yerləri olub. Buranı tədqiq etsələr, Allah bilir tarixin nə qədər sirri açılar.
Arxeoloji tədqiqat vaxtı Mücü ətrfında tapılan materiallar içərisində Sasani şahı II Xosrovun gümüş sikkələri, orta əsrlər üçün xarakterik olan saxsı qab parçaları, metal silah, tunc, gümüş zinət vasitələrinə də rast gəlmək olar. Həmin dövrdə məhz Fit qalası kimi əlçatmaz yerdə olan istehkam dövrün hərbi qüvvələrinə qarşı müqavimət göstərə bilirdi.
Bu qala haqda hələ də əfsanələr dolaşır. Əfsanəyə görə, vaxtilə Şirvan hökmdarının gözəl bir qızı olub. Bu qız atasının iradəsi əksinə olaraq bir çobanı sevir. Çoban hər gün çöldə daş üstə oturub ney çalar, qız isə bu neyin sədası ilə onunla tapışardı. Bir gün sirrin üstü açılır. Hökmdar qızına çobanla görüşməyi qadağan edir. Lakin qız öz təmiz eşqini hər şeydən üstün tutur. Atasının əmrini rədd edir, qəsrdən uzaqlaşmaq qərarına gəlir. Ancaq buna nail olmur. Hadisədən qəzəblənən hökmdar Fit dağında bir qala tikdirib qızı orada həbs etdirir. Çoban bu işdən xəbər tutduqda çox çətinliklə özünü Fit dağına çatdırır. O, qala divarının arxasında neyini çalmağa başlayır.
Qız bu səsi eşidən kimi qala divarının üstünə çıxıb özünü çobanının ağuşuna atır. Lakin onlar qaçmaq istədikdə, hökmdarın adamları xəbər tutulurlar. Çoban qalanın yaxınlığındakı bir təpədə öldürülür, qız isə özünü qayalardan atıb həlak edir. Bu vaxtdan etibarən çobanın öldürüldüyü təpə "Qanlı təpə" adlanır və onun çaldığı neyin sədası dağın qayalarında əks-səda verərək fit səsi kimi ətrafa yayılır.
Başqa bir əfsanəyə görə, vaxtilə bu dağın zirvəsində divlər yaşayıbmış. Heç kim qorxudan dağın zirvəsinə çıxmazmış. Bir gün Girdman hakimi həmin dağın zirvəsinə çıxmaq, divləri qovmaq qərarına gəlir. O, çox çətinliklə divlərlə vuruşa-vuruşa dağın zirvəsinə qalxır və öz məqsədinə çatır. Hakimin divlərlə döyüşü zamanı onların bağırtısı fit kimi səslənərmiş.
Amma ən inandırıcı isə Fit dağında həddən artıq gürzənin olması ilə bağlıdır. Ağabala müəllim deyir ki, həmin ərazidə minlərlə gürzə yaşayarmış. İstidə isə onlar fısıldayarmış, sanki fit çalarmış.
İlanların kütləvi şəkildə Fit dağına , Fit qalası ətrafına yığışmasının səbəbini isə orda ehtimal olunan xəzinəylə əlaqələndirirlər. Deyilənə görə, xəzinə tapmaq həvəskarları istər sovet, istərsə də müstəqilik dönəmində bu ətrafı kustar üsulla qazıq-qazıq ediblər.
***
Fit dağından aşağıda Mücü çayından yuxarı “Qanlı qaya” deyilən yer var. Xan tərəfindən cəzalanmış adamlar burdan aşağı atarmışlar.
Qocalar danışırmış ki, ötən əsrin əvvəllərində Zahid adlı quldurbaşının dəstəsi də bu qalada əyləşərmiş. Ətraf kəndlərin camaatına divan tutarmış.
***
Kəndimiz cənnət kimi bir yerdir. Amma di gəl qazımız yoxdur. Yolumuzu da gördün. Bir kimsə xəstələnsə, rayon mərkəzinə olan 38 km yolu saat yarıma gedəcəyik. Qış oldu, hər şey donur burda. Özü də bizim əkin torpağımız da yoxdu. Məşğuliyyətimiz ancaq qapıda meyvəçilik, bir də heyvandarlıqdı. Ona görə də, cavanlar kənddən çıxıb gedir. Bu kənd niyə tarixə çevrilsin ki?
...Hə, düz deyir, Ağabala müəllim. Bakıdan çox yox, 160 km aralıda, dağların qoynunda, “divlərin” məkanı, sirlər, macəralar, əfsanələrlə dolu bir kənd – Mücü niyə tarixə çevrilsin ki?
Bakı-Mücü