"Ucarın icra başçısı görən, nə işə yarayır?" - ŞİKAYƏT

         “Hər gün bu yoldan istifadə edirəm. İnanın, 2 gündənbir maşınım təmirdədir, qırılır, tökülür. Hələ yaxşı ki, sovet maşınıdır, xarici maşınların heç dözümü olmur. Bura Ucarın ən böyük kəndlərindəndir. Yolu da nə az, nə çox 10 kilometrdən çoxdur. Bu, 10 kilometrlik yolun hamısı dərə-təpə, çala-çuxurdur. Televiziyalar deyir, bölgələrdə bərbad kənd yolu qalmayıb. Hanı, budur təmirli yol?” DİA.AZ-ın məlumatına görə, hər gün Bərgüşad-Bağman yolundan istifadə edən taksi sürücüsü Şahmar Sadıqov belə deyir.

Bildirir ki, sonuncu dəfə yolun nə zaman təmir edildiyini xatırlamır. Yol üstündə olan bütün kəndlərin sakinləri də əziyyət çəkir:

“Məsələn, bu yol normal olsa, şəhərə adamın birini 2-3 manatdan apararam. Ancaq maşın tez-tez xarab olur deyə, həm də 30 dəqiqəlik yolu 1 saata gedib çıxdığıma görə 5-6 manata aparıram. İnanın ürəyim ağrıyır. Kasıb insanlardır. Bəzən həkimə aparıb-gətirirəm. Xəstədir bilirəm, amma başqa neyləmək olar? Çətindir. Məncə, elə ən birinci təmir olunması lazım olan kəndlərdən biridir”.

Bərgüşad sakini Mahirə Məmmədova hər gün bu yolu gedib-gəlir. Deyir, şəhərdə xadimə işləyir, kənddə iş yoxdur, məcburdur hər gün gedib-gəlsin:

“Taksiylə gedirəm. Kənddən şəhərə taksilər işləyir. Yolun ağzına qədər piyada gedirəm ki, bəlkə 1 manat ucuz aparalar. İnanın, 2 yerdə işləyirəm. Ümumi gəlirim 350 manatdır. Yarısı yollara gedir. 5 nəfərlik ailəmdə işləyən yeganə adamam. Yoldaşım isə 160 manat pensiya alır. Birtəhər dolanırıq. Yol normal olsa, xərcim az çıxar, piyada getməli olmaram. Hələ palçıqdan danışmıram, inanın, gözümün içinədək palçığa bulaşıram”.

M.Məmmədova əlavə edir ki, kənddə yaşasa da, malı-heyvanı yoxdur. Əkin-biçinlə də məşğul ola bilmir. Həm xərc tələb edir, həm də suvarma problemi yaşayır:

“İşləməkdən başqa çarəm yoxdur. Gedib-gəlmək də zülmdür. Canımızdan bezmişik. Taksilər baha, kasıbçılıq. İnanın, maaşımı alıb xeyli hissəsini 1 manatlıq edib, çantama atıram ki, yolpulum xərclənib, getməsin. Yoxsa gedə bilmərəm. İşimdən olsam, 5 nəfər 160 manatla dolana bilməz”.

Sakinlər bildirirlər ki, yolların təmiri ilə bağlı dəfələrlə Ucar Rayon İcra Hakimiyyətinə məktubla müraciət ediblər:

“Heç cavab da ala bilməmişik. Bir dəfə də yığışıb getmişdik. Onda da dedilər ki, icra hakimiyyətinin yol çəkəcək qədər çox pulu nə gəzir? Bəs biz hara müraciət edək? İcra hakimiyyəti vətəndaşların problemlərini həll edən bir qurumdur də. İcra başçıları prezidentin bölgələrdəki köməkçiləridir. Biz hər şeyə görə Prezidenti narahat edəcəyiksə, onda bu strukturlar nə işə yarayır? Bizim əlimizdən icra hakimiyyətinə müraciət etmək gəlir. Çünki əlimiz onlara çatır. Xahiş edirik, bizim bu yolumuzla bağlı bir tədbir görülsün” – deyə, Bərgüşad kəndinin sakinləri bildirir.
 
Tarix: 13-07-2019, 14:24
Xəbəri paylaş





Xəbər lenti