Başçıdan  gölməçədə yaşayan ailəyə və prezidentə yalan
Azərbaycanda hər sort məmur yetişib. Kimisi korrupsioner, kimisi talançı, kimisi xalqa yuxarıdan aşağı baxan, kimisi insanları təhqir edən olub.

Amma indiyə qədər verdiyi sözün üstündə durmayan məmura istisna halda rast gəlinərdi ki, biri də Cəlilabaddadır.

Söhbət ondan gedir ki, bu il aprelin 27-də rayonun Göytəpə şəhərindəki köhnə xəstəxana həyətində yaşayan, gölməçədə məskunlaşmış ailənin problemini işıqlandırmışdıq.

Cahan.info və Sensasiya TV-nin birgə layihəsində növbəti çəkiliş Hüseynovlar ailəsindən olmuşdu. 

Xəstəxanada, suyun içində, qaranlıq uçuq-sökük daxmada məskunlaşan ana-balanın acınacaqlı şəraitini görəndə düşünürsən ki, hansısa məmurun bahalı maşınının qarajı heç bu gündə ola bilməz.

Amma Ruslan Hüseynov anası ilə 25 ildir ki, xəstəxana binasına sığınaraq zülm-zillət içində yaşayır. Onların nə qazı, nə normal yataq şəraiti, nə hamamı, nə dolanışığı var.

Bu 25 il ərzində Cəlilabad bir neçə icra başçısı görüb, amma R.Hüseynovla ağır xəstə olan anasına onların heç biri əl tutmayıb, normal bir evlə təmin etməyiblər.

Ailənin video müraciəti yayımlandıqdan sonra bəlli olub ki, Cəlilabadın icra başçısı Namiq Zeynalov onları qəbul edib, problemin həllinə söz verib.

Hətta media emissarlarından birini Cahan.info-ya elçi salaraq həmin materialın yayımını dayandırmağı xahiş eləmişdi. Təbii ki, onun xahişi keçərli olmadı. 

Əslində, məqalənin yayımını dayandırmaq mümkün idi. Yalnız bir şərtlə - Hüseynovlar mənzillə təmin edilsinlər.

İcra başçısı N.Zeynalovun isə onlara verdiyi vədə əməl edəcəyinə şübhə etdiyimiz üçün təmkinlə gözləmək qərarı verdik.

Lakin düşündüyümüz kimi də oldu, icra başçısı ailəyə köməklik eləmədi. Görünür, məqsədi həm onları, həm bizi aldatmaq olub.

R.Hüseynov o zaman müsahibəsində deyirdi ki, Namiq Zeynalova etdiyi müraciətlərə baxmayaraq, Cəlilabadın rəhbəri onu başından edib.

“Bu vəziyyətdə kim yaşayar? Bakıda günü 10 manata işləyirəm, o da anamın dərmanlarına gedir.

Özü də 130 manat pensiya alır, heç yeməyə çatmır. Evdə qaz yoxdur, odundan istifadə edirik. Yatmağa belə yerimiz yoxdur. Heç kim bizə kömək etmir.

Mən Namiq Zeynalova yaxınlaşmışdım, dedi ki, təzə gəlmişəm, sonra baxarıq. Bir müddət keçdi, yanına getdim, dedim gəlib gözlərinizlə şahid olun ki, nə gündə yaşayırıq.

Dedi ki, gələ bilmirəm, bizim fondumuz yoxdur, kömək edə bilmərik. Bizim bu yaşayımıza baxın, ev uçur, dağılır, kim mənə ailə qurmaq üçün qızını verər?”

Doğurdan da N.Zeynalovdan gözlənti var idi ki, təzə icra başçısı kimi özünü göstərəcək, əhali ilə işləyəcək, problemləri həll edəcək.

Amma xəstəxanada, suyun içində, tavanı tökülmüş, döşəməsi dağılmış şəraitdə yaşayan ana-balaya kömək eləmədi.

Əvəzində isə tehsilishcileri.blogspot.com tərəfindən yayılmış bir informasiya icra başçısının əsl mahiyyətini üzə çıxardı.

[media=(https://tehsilishcileri.blogspot.com/2019/06/asan-xidmti-ctin-xidmt-edn-edn-kimdir.html?spref=fb&m=1&fbclid=IwAR1j0-4F1UPjM9AREYFecjSM2Mw6HzuW0pZNHkej5Dc5SRCEJDD58mvL1Js)]

Belə ki, Cəlilabadda ASAN Xidmət mərkəzi üçün bina tikiləcək. Prezidentin analoqu olmayan bu layihəsi həqiqətən də bir çox məmurların bazarını öldürüb. Bir sıra ölkələr də ASAN Xidmət modelindən yararlanır.

Amma cəlilabadlıları narahat edən məsələ başqadır. Bu xəbəri eşidən hər kəs sevinsə də, təkcə müəllimlərin ürəyincə olmayıb.

Elə bilməyin ki, müəllimlər Cəlilabadda inkişafı istəmir və ya şəffaf, korrupsiyasız bir qurumun fəaliyyətinə qarşı çıxır.

Amma ASAN Xidmətin tikintisi üçün tenderin “qalibi” “Cəlilabad Rayon Təhsil Şöbəsi” MMC olub.

İcra başçısı Namiq Zeynalovun əmri ilə “Cəlilabad RTŞ” MMC rəhbəri Qərənfil Əhmədov məktəblərə sement “istehsal”ına başlayıb.

Şəhərin böyük məktəbləri 250 kisə sement, şəhərin kiçik məktəbləri 150 kisə sement, kənd məktəbləri 100 kisə sement, kəndlərin ümumi orta məktəbləri 70 kisə sement, ibtidai məktəblər 30 kisə sement verməlidir.

Görünən odur ki, Cəlilabadda tikiləcək ASAN Xidmət binası heç də asan tikilməyəcək. Namiq Zeynalov əslində, prezidentə qarşı çıxır və onun nüfuzunu, ASAN Xidmət layihəsini ciddi şəkildə zədələyir. Halbuki, icra başçısı sement alıb Hüseynovlar ailəsinə ev tikdirə bilərdi...