İyun ayının 25-də Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qazın verilməsi ilə bağlı keçirilən tədbirdə icra başçısının ayaqları altına xalça sərilməsi mediada və eləcə də sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi.
İcra başçısının təbiətin qoynunda keçirilən tədbirdə yerə xalça sərdirməsi və o xalçanın üzərində çıxış etməsi ictimaiyyət tərəfindən xoş qarşılanmayaraq tənqid olundu.
Qeyd edək ki, həmin fotolar Gədəbəy rayon İcra Hakimiyyətinin rəsmi saytında da yerləşdirilmişdi.
Qlobal.az-ın əldə etdiyi məlumata görə Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qazın verilməsi ilə bağlı keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısının ayaqları altına xalça sərilməsi yuxarı dairələr tərəfindən də birmənalı qarşılanmayıb və buna görə İcra başçısı İbrahim Mustafayevə ciddi irad tutulub.
Görünür ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev mətbuatın tənqidlərindən və yuxarı dairələrin iradından nəticə çıxara bilib.
İyul ayının 11-də rayonun Novoivanovka, Şahdağ və Çiçəkli kəndlərində qaz xətti istismara verilib. Əlamətdar hadisə ilə bağlı keçirilən tədbirə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı da qatılıb. İcra başçısı qatıldığı bu dəfəki tədbir isə sadəliyi ilə seçilib.
Belə ki, bu tədbirdə İbrahim Mustafayevin ayaqları altına xalça sərilməyib.
Rayon İcra Hakimiyyətinin başçısı tədbirdə çəmənlik üzərində dayanaraq çıxış edib.
Qlobal.az hər iki tədbirin fotolarını təqdim edir:
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qazın verilməsi ilə bağlı keçirilən tədbirdə (25 iyun)
ədəbəy rayon İcra Hakimiyyətinin başçısı Novoivanovka, Şahdağ və Çiçəkli kəndlərinə təbii qazın verilməsi ilə bağlı keçirilən tədbirdə (11 iyul)
Tarix: 24-07-2019, 09:09