Quba şəhər sakini Əhmədova Zümrüd bir neçə gündür küçədə gecələməyə məcburdur. Bu barədə azadlıq.info-ya məlumat verən yerli sakinlər ailəyə kömək etməyimizi istəyib. Əməkdaşımız avqustun 4-də Quba şəhərində olub, məsələ ilə yerində tanış olmaq istəyib. “Məhkəmə qərarı” ilə evindən çıxarılan 54 yaşlı müəllimənin dediklərindən qaranlıq mətləblər ortaya çıxır. Onun iddiasına görə sifarişli məhkəmə qətnaməsinə görə evindən bayıra atılıb.
Əhmədova Zümrüd 1984-cü ildə Əhmədova Yaqub ilə ailə həyatı qurub. Üç övladları dünyaya gəlib. Ailəsi ilə birlikdə, həyat yoldaşının valideynlərinə məxsus Quba şəhəri, Qələbə küçəsi 14 ünvanındakı 119.4 kvadrat metrlik mülkdə yaşayıblar. Quba şəhərində müəllim işləyən Əhmədova Zümrüd həmin mülkin yerləşdiyi torpaq sahəsində 1996-cı ildə 60 kvadrat metr sahədə mənzil inşa etdirib, sonra orada yaşayıblar.
Z. Əhmədovanın bildirdiyinə görə 2013-cü ilə kimi baldızı Əhmədova Mariya öz qardaşına qarşı məhkəmələrdə mülk iddiası qaldırıb. 2014-cü ildə həyat yoldaşı Yaqub Əhmədov insult keçirib. Bundan sonra məhkəmə çəkişmələri Zümrüd Əhmədovaya qarşı davam etdirilib. 54 yaşlı müəllimənin iddialarına görə, həyat yoldaşının ağır xəstəliyindən istifadə edən baldızı onun adından etibarnamə alıb. Həyat yoldaşı cari ilin fevralında rəhmətə gedəndən sonra da həmin etibarnamə ilə məhkəmələrdə şıxış edib. Zümrüd Əhmədova əlində olan sənədə görə varis özünün olduğunu bildirir.
Zümrüd Əhmədova başına gələnlərə görə məhkəmə hakimlərini günahlandırır. Onun iddiasına görə, ilk qərəzli qətnaməni Quba Rayon məhkəməsini hakimi Lətifə Məmmədova çıxarıb. Bu məsələdə Bakı Apellyasiya məhkəməsinin hakimi Səriyyə Seyidovanın rolunun da olduğunu bildirən şikayətçi baldızı Mariya Əhmədovanın S. Seyidovanın bağında xadimə işləməsini də vurğulayib.
Məhkəmə qərarını yerinə yetirən icra məmurlarından da narazılıq edən şikayətçi, onların kobud rəftarı ilə üzləşdiyini deyib. Məhkəmə qətnaməsində onların 119.4 kv.m sahədən çıxarılması qeyd edilsə də, onlar 60 kv.m-lik evlərindən də çıxarılıblar. Prezidentin müşavirinin adından istifadə edərək qənunsuz məhkəmə qərarının icra olunduğunu bildirib. Buna görə intihara çəhd edib, xəstəxanaya düşüb.
Sonda Zümrüd Əhmədova aidiyyatı qurumlara səsələnərək bu özbaşnalıqlara son qoyulmasını tələb edib. Əks təqdirdə, təkrar intihar edəcəyini qeyd etməklə, məsuliyyətin sifarişlə qərar çıxaran məhkəmə hakimlərininin üzərində qalacağını bildirib.
Zümrüd Əhmədovanın əməkdaşıimıza dediklərini video materilda izləyicilərimizə təqdim edirik.
Məsələ ilə bağlı adı hallanan şəxslərin mövqe bildirmək hüququ saxlanılır.
azadliq.info