Yevlax rayonunun Çənlibel qəsəbəsinin sakinləri APA-nın yerli bürosuna müraciət edərək, qəsəbə ərazisində və ətrafında nizamsız şəkildə axıdılan çirkab suların ciddi narahatlıq yaratdığını bildiriblər. Dəmiryolu xəttinə yaxın olan qəsəbədə kanalizasiya xətləri mövcud olmadığından çirkab sular ətrafa axıdılır, qamışlıq, natəmizlik və ürək bulandıran qoxu ətrafı bürüyüb. Ərazi həm də vəhşi heyvanların sığınacağına çevrilib, bu səbəbdən də yerli əhali ərazidə vaxtaşırı təhlükələrlə üzləşir.
Məsələ ilə bağlı APA-nın yerli bürosunun sorğusunu cavablandıran Yevlax rayon İcra Hakimiyyəti başçısının təsərrüfat işləri üzrə müavini Ceyhun Kərimxanov rayonda ciddi kanalizasiya probleminin olduğunu deyib:
“Yevlaxda həqiqətən də ciddi kanalizasiya problemi var və sakinlər haqlı olaraq yaranmış durumdan narazılıq edirlər. Bu problem təkcə Çənlibel qəsəbəsinə aid deyil. Bütün şəhər üçün aktualdır. Hazırda Yevlax şəhərinin Həzi Aslanov küçəsindəki 7-ci ərazi deyilən sahədə problemlərin həlli ilə məşğuluq. Çirkab sular üçün nəzərdə tutulmuş su kanalını nisbətən dərinləşdirməyə çalışırıq ki, ətrafa sızmaların qarşısı azalsın".
Onun sözlərinə görə, Çənlibel qəsəbəsində də analoji işlərə başlanılacaq: "Amma belə tədbirlər rayonun kanalizasiya problemini həll edə bilməz. Burada kompleks şəkildə işlər aparılmalıdır. Ümid edirəm ki, tezliklə bu problemin köklü şəkildə həlli üçün əsasllı işlərə start veriləcək”.