"30 minlik əhalisi olan rayonda bir aydan çoxdur ki, su yoxdur" - ZAQATALA SAKİNLƏRİ

 Zaqatala rayon mərkəzinin sakinləri bir müddətdir ki, içməli su problemi ilə üzləşiblər.
Hurriyyet.org xəbər verir ki, sakinlər bu barədə BBC News Azərbaycancaya danışıblar.
"Gündə bir, uzağı iki saat su verirlər. Bir saata necə, nə qədər su yığasan və yayın günü o suyu necə istifadə edəsən ki, çatsın?", - Zaqatala sakini Saleh Soltanov deyir.
O bildirir ki, iyun ayının sonlarından başlayaraq şəhərin mərkəzində yaşayan əhaliyə "gündə cəmi bir saat su verilir".
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbər Anar Cəbrayıllı isə BBC News Azərbaycancaya bildirib ki, şəhərdə su çatışmazlığı Tala çayındakı daşqınlardan sonra yaranıb.
"Çərşənbə axşamına qədər əhaliyə fasilələrlə verilən suyun həcmi çərşənbə günündən etibarən artırılacaq", o belə deyib.
Şəhərin su sistemi xarabdır?
"Hökumət deyir ki, bu, Tala çayındakı daşqınlarla bağlıdır. Ancaq elə deyil, şəhərin su sistemi bərbad vəziyyətdədir. Aparatlar xarabdır, şəhərə su verə bilmirlər, 30 minlik əhalisi olan şəhərdə bir aydan çoxdur ki, su yoxdur", - Zaqatala şəhər sakini Saleh Soltanov deyir.
O deyir ki, şəhərə su üç hovuzdan gəlir. "Əsasən də Meşleşdən. Həmin ərazidə olan susüzmə filtrləri xarab olub, suyu süzmür. Onu da təmizləyib başa gətirə bilmirlər".
"Elə yerlər var ki, ümumiyyətlə su verilmirdi. Camaatın narazılığından sonra heç su verilməyən yerlərə maşınlarla su paylamağa başlayıblar"."Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə "aparatlar xarabdır" iddiasını qəbul etmir. O həmçinin suyun fasilələrlə verilməsinin səbəbini təkidlə "Tala çayındakı daşqınlarla" əlaqələndirir.
 
"Sabahdan suyun həcmi artırılacaq"
"10-15 gün əvvəl yağan yağışların çayda yaratdığı daşqınlar nəticəsində suda bulanma olduğuna görə drenaj qurğularının məhsuldarlığı aşağı düşdü. Hazırda çayın yatağında texnika işləyir ki, drenaj qurğularının vəziyyətini qaydaya salsın. Artıq vəziyyət nisbətən düzəlib və əhaliyə qrafiklə su verilməyə başlayıb".
Əhaliyə verilən suyun həcminə gəldikdə isə cənab Cəbrayıllı şəhərdə su yoxdur iddiasını "ədalətsizlik" adlandırır.
"Əhaliyə verilən suyun miqdarı təmizlənən suyun həcminə bağlıdır. Qurğular nə qədər su təmizləyə bilirsə, əhaliyə də o qədər su verilir. Elə yerlər var su bir gündən bir verilir, elə yer də var üç gündən bir".
Anar Cəbrayıllı deyib ki, qurum Zaqatala rayon mərkəzində "hamını su ilə təmin etməyə çalışır".
"İnsanlara xəbərdarlıq etmişik ki, ehtiyat görsünlər. Birdən yenə sel gəlsə, hazırlıqlı olsunlar. Hazırki vəziyyətə gəldikdə isə əraziyə cəlb olunmuş texnikanın sayı artırılıb və artıq sabahdan etibarən əhaliyə verilən suyun həcmi artırılacaq", o vurğulayıb.
Tarix: 8-08-2019, 14:34
Xəbəri paylaş





Xəbər lenti