Quba sakini: Evimizi əlimizdən alıb, bizi küçəyə atdılar

 
ümrüd Əhmədova və oğlu Namiq Əhmədov 10 gündən çoxdur ki, küçədə gecələyir
“Məhkəmə övladlarımla mənim qayınatamdan qalan miras evdən çıxarılmağımız barədə Qətnamə çıxarıb. Ancaq icra məmurları Qətnaməni icra etməyə gələndə özbaşınalıq edərək eyni həyətdə özümüzün tikdiyimiz evin də qapısını sındırıblar, əşyalarımızı çölə töküblər. On gündən çoxdur ki, çarpayılarımızı küçənin ortasında qoyub yatırıq. Ancaq bu, heç bir dövlət qurumunu narahat eləmir”.
Quba sakini Zümrüd Əhmədova Meydan TV-yə danışır ki, avqustun 2-də Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları onu və oğlunu yaşadıqları evdən çıxarıb. İcra məmurları səbəb kimi icraya yönəlmiş məhkəmə Qətnaməsini göstəriblər.
Vərəsələr məhkəmədə iddia qaldırıb
Hələ 2015-ci ildə Quba Rayon Məhkəməsində həmin ünvanda yaşayan Zəhra, Mariya, Yaqub və Rzabala Əhmədovlar Zümrüd, sonuncunun övladları Namiq və Zinyət Əhmədovalara qarşı iddiaya baxılıb. İddiaçılar ərizələrində göstəriblər ki, Zümrüd Əhmədova 1988-ci ildən evi özbaşına tutandan sonra yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair Xaçmaz Rayon Xalq Məhkəməsinə müraciət edib. Ancaq məhkəmə iddianı rədd edib. Buna baxmayaraq, Zümrüd Əhmədova və övladları evdən çıxmayıb. Üstəlik, vərəsələrin razılığı olmadan həmin ünvana qeydiyyata da düşüblər. Zəhra, Mariya, Yaqub və Rzabala Əhmədovlar məhkəməyə bildiriblər ki, Qələbə küçəsi, dalan 2, mənzil 14-də yerləşən, sahəsi 119 kv.metr olan yaşayış sahəsi onlara atalarından miras qalıb. Həmin ev paylı mülkiyyət hüququ ilə rəsmən onların adına keçib. İddiaçılar məhkəmədən cavabdehlərin yaşayış qeydiyyatlarının ləğv edilməsini və yaşayış sahəsindən çıxarılmasını tələbi ediblər. Məhkəmə iddianı təmin edib. Tərəflər məhkəmə Qətnaməsindən apelyasiya şikayəti veriblər. 2016-cı ildə Sumqayıt Apelyasiya Məhkəməsi və Ali Məhkəmə Qətnaməni qüvvədə saxlayıb.
Zümrüd Əhmədova
Həm miras evdən, həm də öz tikdiyimiz evdən çıxarıldıq”
Q Zümrüd Əhmədova iddiaçılardan biri olan Yaqub Əhmədovun həyat yoldaşı, Nami Əhmədovla Zinyət Əhmədova isə övladları olub. Yaqub Əhmədov bir neçə ay əvvəl vəfat edib. Zümrüd xanımın deməsinə görə, əri vəfat etdikdən sonra ərinin bacılarının tələbi ilə Qətnamə icraya yönəlib. İcra məmurlarının əlindəki Qətnamədə onun və oğlunun Qələbə küçəsi, 14 saylı ünvandakı 119 kvadratmetrlik mənzildən çıxarılmaları göstərilsə də, icra məmurları onlara məxsus və eyni həyətdəki 60 kvadratmetrlik sahəsi olan evi də boşaldıblar.
Zümrüd Əhmədova:
“İddiaçılar mənim baldızlarım və qaynım olub. Qaynım da, həyat yoldaşım da rəhmətə gedib. Baldızlarım bizim evdən çıxarılmağımızı tələb edib. Birinci dəfə icra məmurları gəlib evi boşaltmağa cəhd edəndə nefti üstümə töküb özümü yandırdım. İcra məmurları qaçıb getdi, mən isə xəstəxanaya götürüldüm. 3-cü gün idi ki, reanimasiya şöbəsində müalicə alırdım, xəbər tutdum ki, icra məmurları yenə gəlib. Mən də vəziyyətimin ağır olmasına baxmayaraq ərizə yazıb xəstəxanadan çıxdım, icra məmurlarını durdurmaq üçün evə qayıtdım. Gəlib gördüm ki, qapımı sındırıblar, əşyalarımı evdən daşıyıb çölə yığırlar. Onlara bildirdim ki, Qətnamə miras mülkə görə çıxarılıb, bu evi isə ərimlə mən tikmişəm. Dedilər, bizlik deyil, tapşırıq var ki, bu ev də boşaldılsın. Eləcə dedilər ki, yuxarı yerdən zəng gəlib. Başa düşə bilmirəm ki, məmurlar nə vaxta kimi insanların taleyini zənglə həll edəcəklər?”
Qapımı sındırıblar, zinyət əşyalarım yoxa çıxıb”
Zümrüd xanım deyir, eyni həyətdəki sahəsi 60 kv.metr olan ikimərtəbəli evi həyat yoldaşı ilə birgə nikah dövründə tikiblər:
“Həyat yoldaşım başını yerə qoyan kimi tökülüşdülər üstümüzə... Atalarının evindən çxarmalarını anladıq, bəs min əziyyətlə tikdiyimiz evi niyə əlimizdən alırlar? Hakimin yanına getdim, dedi ki, xəbərim yoxdur, mən yalnız miras mülk olan 119 kv.metrlik evdən çıxarılma ilə bağlı Qətnamə çıxarmışam, gerisi mənlik deyil. Prokurora, polisə şikayət edirəm, deyirlər, bizlik deyil, get məhkəməyə ver. Bu boyda özbaşınalıq olmaz axı... Mən xəstəxanada ola-ola evimin qapısını sındırıblar, zinyət əşyalarım yoxa çıxıb, icra məmurları deyir, xəbərimiz yoxdur, biz gələndə qapı açıq idi”.
Çarpayılarımız küçənin ortasındadır”
Zümrüd xanımın sözlərinə görə, xəstə oğlu və özü gecələri küçədə əşyların arasında yatır:
“Çarpayılarım küçənin ortasındadır. Hələ ki, hava xoşdur, birtəhər küçədə yata bilirik, ancaq payıza doğru soyuqlar düşəndə nə edəcəyik, bilmirik. Qızım ailəlidir, ayrı yaşayır, oğlumla mən isə küçədə qalmışıq. Biz də bu dövlətin vətəndaşlarıyıq. Belə çıxır ki, öz torpağımızın üstündə yaşamaq haqqımız yoxdur. Neyləyək, gedək Ermənistandan sığınacaq istəyək? Bircə çarəmiz odur. Bizə başqa çıxış yolu qoymayıblar. 34 il yaşadığım evdən bu yaşımda çölə atılmışam. Əziyyətlə ev-eşik yaratmışıq, ancaq çarpayılarımızı küçədə qoyub yatırıq. Nefti üstümə töküb yandırdım, bir məmur maraqlanmadı ki, bu vətəndaşın dərdi nədir. Gəlib soruşan yoxdur ki, canına niyə qəsd eləmisən. Prezident məhkəməyə hakim təyin edib ki, vətəndaşın hüquqlarına ədalətlə yanaşsın. Ancaq hakimlər vətəndaşların əleyhinə istədikləri qərarları çıxarırlar. “O zəng elədi”, “bu zəng elədi” deyib insanları bədbəxt edirlər. Axı məmular, məhkəmələr nə vaxta kimi zənglə işə baxacaq, qərar çıxaracaq?”
Ailə yalnız köhnə tikilidən çıxarılmalı idi”
Quba Rayon İcra və Probasiya Şöbəsindən bildirilib ki, icra məmurları həmin ünvanda icraya yönəldilmiş məhkəmə qərarını icra ediblər. Qətnamə ilə həmin ünvanda yaşama hüquqlarına xitam verilib və konkret olaraq ünvandan çıxarılmaları göstərilib. Zümrüd Əhmədova və övladlarına qarşı 2015-ci ildə iddia qaldıranlar arasında onun həyat yoldaşı da olub. Üstəlik, Zümrüd Əhmədova keçirilən məhkəmələrdə həmin ünvanda ev tikdirdiyini bildirməyib və sənədləri təqdim etməyib. Bu iş Ali Məhkəmədən də keçib və qərar icraya yönəldilərək onlara göndərilib.
Quba Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, qurumun Zümrüd Əhmədovaya kömək etmək imkanı yoxdur: “Zümrüd Əhmədova da məhkəmə gedərkən qarşılıqlı iddia verib, məhkəmə onun iddiasını təmin etməyib. İcra hakimiyyətində isə mənzil fondu yoxdur ki, kömək edək”.
Hüquqşünas Vaqif Alıyev deyir, Zümrüd Əhmədovanın yeni tikiliyə dair sənədləri varsa, o hissədə ayrıca məhkəməyə müraciət edə bilər: “Məhkəmə vətəndaşın köhnə mirasdan çıxarılması iddiasını təmin edib. Həyat yoldaşı onun köhnə mirasdan çıxarılması ilə bağlı iddiaçıların sırasında olub. Sənədlərə baxanda görürük ki, orada yeni tikilidən söhbət getmir. Əgər xanım özü də dediyi kimi, ərinin vərəsəsidirsə, həmin tikiliyə görə məhkəmədə iddia qaldıra bilər”.
Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Zümrüd Əhmədova iyulun 31-də xəstəxanaya qollarındakı yanıq xəsarətləriylə daxil olub, ona tibbi yardım göstərildikdən sonra könüllü şəkildə xəstəxananı tərk edib.
Ev
Mənbə: Meydan Tv
Tarix: 15-08-2019, 17:13
Xəbəri paylaş





Xəbər lenti