Azərbaycan Texnologiya Universiteti və Peşə Təhsili üzrə Dövlət Agentliyi 3 saylı peşə liseyinin sabiq dirktoru Fazil İsmayılovu himayəsinə alıb desək, yəqin ki, yanılmarıq. Belə ki, əvvəllər avtobus parkında mühasib, daha sonra isə GDU-da müəllim vəzifəsində çalışan, ixtisasça iqtisadçı olan Fazil İsmayılov, çox keçmədi ki, ona “arxa-dayaq” olan şəxslərin köməkliyi ilə 2016-cı ilin oktyabr ayında 3 saylı Peşə Liseyinə direktor təyin olundu. Təyinatından az sonra o, liseydə reformalar keçirmək adı altında, bir neçə nəfəri işindən uzaqlaşdırıb onları işsiz qoya bildi. Bu şəxs direktor işlədiyi ötən illər ərzində liseyin daxilində çəkişmələr, söz-söhbətlər “pik nöqtə” yə çatdı və baş verən hoqqalar səbəbindən də, neçə-neçə şəxslər işsiz qaldılar. Elə şəxslər də oldu ki, onlar Fazil İsmayılovla “dil tapmağın” mümkünsüzlüyünü hiss edib, özləri liseydən uzaqlaşdılar və başqa sahələrdə iş axtarışına çıxdılar. Peşə Təhsili üzrə Dövlət Agentliyində baş verənlərlə bağlı lazımi qədər məlumatlı olsalar da, nədənsə agentlikdə səlahiyyət sahibi olanlar Fazil İsmayılovun hoqqalarına göz yummaq qərarı verdilər. Həmin dönəmdə işçilərdən bir neçəsi məhkəməyə müraciət edib bəraət ala bilsələr də, onlar sabiq direktorun şər-böhtanlarından kənarda qalmaq üçün, bir daha liseyə qayıtmadılar. Əldə etdiyimiz məlumatlara görə, həmin şəxslər bu gün də işsiz qalmaqdadırlar.
Bir faktı da qeyd edək ki, Fazil İsmayılov direktor işlədiyi illər ərzində narazılıqlar getdikcə artır və vəziyyət o həddə gəlib çatır ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu şəxsə “jest edib” onu kollegiyanın qərarı ilə deyil, məhz yumşaq şəkildə desək, öz ərizəsi əsasında daşıdığı vəzifəsindən uzaqlaşdırmaq üçün razı sala bilirlər. Düşündürücü hal odur ki, Fazil İsmayılov hansı kollektivə rəhbərlik edibsə, bütün zamanlarda işlədiyi kollektivdə narazılıqlar yaradıb. Yəni, bu şəxsin xarakterik xüsusiyyəti, həyata keçirdiyi idarəçiliyin mahiyyəti belə olub. Bütün bunlara baxmayaraq, adı çəkilən bu şəxsi Gəncə Dövlət Universitetinin rəhbərliyi deyil, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi işə qəbul edir. Bu şəxsin yarıtmaz idarəçiliyi sayəsində işsiz qalanlar, hələ də işlə təmin olunmasalar da, artıq Fazil İsmayılov yeni vəzifəsinin icrasına “start verib”.
Bildirək ki, adı çəkilən bu şəxsə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən edilən güzəştlər yenə də davam etməkdədir. Belə ki, heç bir korrupsiyaya yol vermədən fəaliyyət göstərdiyini iddia edən Azərbaycan Texnologiya Universiteti, vaxtilə işdə qol qoyduğu ciddi nöqsanlar səbəbindən daşıdığı vəzifəsindən azad olunan Fazil İsmayılovu, əmək kitabçası olmadan işə qəbul edib. Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən bugünə kimi Fazil İsmayılova əmək kitabçasının qaytarılmamasının səbəbi isə, onun ticarət və xidmət üzrə 3 saylı Peşə Liseyində direktor vəzifəsini daşıyarkən, liseyi təhvil-təslim etməməsidir. O, 2019-cu ilin avqust ayında direktor vəzifəsindən xaric olunsa da, işlədiyi 3 saylı Peşə Liseyinin invertarları, mühasibatlığı və s. təhvil-təslim etmədən, bu gün eyni nazirliyə tabe olan təhsil müəssisəsində işlə təmin olunması, Fazil İsmayılovun güclü himayədar tərəfindən himayə olunmasından xəbər verir. Bu da onu söyləməyə əsas verir ki, Təhsil Nazirliyi ilə bərabər, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi də sabiq direktora “yaşıl işıq” yandırıb. O halda sual oluna bilər ki, görəsən Fazil İsmayılovun günahı ucbatından işsiz qalan şəxslərə nə vaxt “yaşıl işıq” yandırılacaq?! Belə bir düşündürücü sualın cavabı uzun müddətdir ki, bu sahədən məlumatlı olan gəncəliləri hələ də düşündürməkdədir. Demək, kimin “daydayı”sı varsa həmin şəxsə hər şey olar, kim sıradan bir şəxsdirsə, həmin şəxsin işsiz qalması kimisə düşündürməz. Bax, budur faciə, budur özgürlük!
GundemXeber.Az
http://azerinfo.az/dunya/57385-azerbaycan-texnologiya-universitetinde-qanunlar-bele-pozulur-ittiham.html
Tarix: 31-01-2020, 22:38