Təhsil rəhbərindən, təhsilə yaraşmayan müsahibə Arayış: Rusiya Federasiyasında astaralı ailəsində doğulan Emin bəy, Türkiyədə təhsilini davam etdirmiş; sosiologiya, medya və əlaqələr sahəsində bakalavr və magistr təhsili almışdır. Azərbaycana qayıtdıqdan sonra, daim ictimai mövqeyi və fəallığı ilə seçilmiş, təhsillə bağlı bir sıra layihələrin hazırlanmasında aktiv iştirak etmişdir. Milli Elmlər Akademiyasında elmi işçi olaraq çalışmışdır. İctimaiyyət, elm və təhsillə bağlı mövzularda mətbuatda bir çox yazı və araşdırmaları dərc edilibdir. Dəyərli həmyerlimiz, 2017-ci ildə, bir qrup gənc alimlə birlikdə “Gənc Alimlər” təşkilatını yaratmışdır. Həmçinin, "Təhsil Araşdırmaları Mərkəzi”ndə çalışmaqdadır. Mərkəz, son zamanlarda Astara rayonunun təhsil məsələlərinə xüsusi diqqət ayırmaqdadır. Astara təhsili barədə aparılan son ciddi araşdırmanı əhatə edən “Təhsil və Təlimdə Zəruri 3 Amil” adlı məqalə, mətbuatda çoxlu saytlarda işıqlandırılıbdır. (https://milletinsesi.info/article/az/153372?dil=az )
Bu yaxınlarda, Astara Təhsil rəhbəri Rəşad Həsənov, bir müsahibə veribdir. Müsahibəni oxuduqda, həmin fikirlərin, Təhsil İdarəsi başçısına məxsus olmasına şübhə edirsən…. Fikirlərin müəllifi, sanki 6-cı, ya da 7-ci sinif şagirdi olan Rəşad Həsənovdur, nəinki Təhsil Rəhbəri… Amma, Astara Təhsil İdarəsinin rəsmi səhifəsində paylaşılıbsa, deməli, bu elə özüdür.
Son dərəcə savadsız, məntiqsiz, gülməli düşüncələrin yer aldığı həmin müsahibə barədə ətraflı danışacam. Lakin öncə, bu suala cavab vermək istərdim: Astara təhsilinin hazırki durumu barədə “Təhsil Araşdırmaları Mərkəzi”nin əldə etdiyi hansı xüsusi faktlar var? Rəşad Həsənovun rəhbərliyə gəldiyi son 1,5 ildə nələr dəyişibdir?
Sadəcə, bir fakt deyəcəm: feysbukda, “Astaranın Gənc Alimləri” səhifəsinin adminləri və astaralı gənclər, bu ilin avqust ayında Rəşad Həsənova müraciət edərək, görüş istədilər. Bu istək, bir neçə dəfə təkrarlansa da, qarşı tərəfdən heç bir reaksiya, cavab gəlmədi. Bundan bir neçə gün sonra, təşkilatımız adından, Rəşad bəyə müraciət etmək istədik; əvvəlcə, rəsmi elektron ünvana yazdıq, lakin Astara RTŞ-nin e-ünvanının məktub qəbul etmədiyini gördük. Daha sonra, Rəşad bəyin rəsmi feysbuk səhifəsinə dostluq göndərdim, qəbul etmədi. Mesaj yazdım, cavab gəlmədi. Sonra bu səfər Astara RTŞ-nin rəsmi fb səhifəsinə yazdım, lakin cavab gəlmədi ki, gəlmədi… Yəni, “görünməz bir rəhbər”lə üz-üzəyik, təəssüf ki.
Bütün bunlar, düşündürücüdür; görəsən, Astara RTŞ sədri, otağında, eyni adamı, dəfələrlə qəbul edəcək qədər vaxtı olduğu halda, təhsil təşkilatlarına niyə 2 dəqiqə vaxt ayıra bilmir?...
Yaxud da dostluğuna, yüzlərcə fərqli şəxsləri qəbul etdiyi halda, niyə təhsil mütəxəssisini qəbul etmir?...
İndisə, gələk, həmin tragikomik müsahibəyə.
Bəli, Rəşad bəy, bu yaxınlarda bir müsahibə veribdir və həmin intervyuda, ilginc nüanslar, diqqəti cəlb edir. Ən birinci, müsahibənin, yazılı formada verildiyini nəzərə alanda, yazdığı sözlərdə, sadə qrammatik qaydalara belə, bəzən əməl olunmadığını görürük. Daha qəribəsi isə budur ki, fikirlərdə, aşkar ziddiyət, məntiqsizlik diqqəti cəlb edir. Eyni zamanda, faktlardan yoxsun, quru sözlər yığınını görməkdəyik. (Müsahibənin linki ilə tanış ola bilərsiz: http://azedu.az/az/news/23046?fbclid=IwAR0FYCVbDgiZ4PA3nCf9Ykdv2k355a95BkKQ4wsL0yvsunsmA64DpqG-xz8 )
Sitat: “Bugünəcən cəmi bir məktəb direktoru qaydalara uymayıb. Yoxlama apardım, həmin məktəbdə MİQ-dən kənar müəllim aşkarladım. Bundan əlavə, 3 şagirdin adı olsa da, özü olmadığını aşkarladım. Həmin direktor barədə çox sərt tədbir gördüm. Onun haqda məlumatı birbaşa nazirliyə təqdim etdim. Sağolsun, cənab nazir onun işdən azad edilməsinə kömək etdi.”
Sual olunur: doğrudanmı, yalnız 1 direktor qaydalara uymayıb? Və yalnız 1 müəllim MİQ-dən kənar işə girib? Yaxud da doğrudanmı, adı olub, özü olmayan şagird sayı, cəmi 3-dür? Əgər elədirsə, onda vəziyyət, necə deyərlər, “super” olmalıdır, axı…. Və ilgincdir ki, cənab Həsənov, sözlərinin davamında, əvvəlki fikirlərini, elə özü şübhə altına alır: “Əksər direktorlar isə yeni qaydaları qəbul edərək işləmək həvəsinə düşüblər”. Rəşad bəy, sadə bir şeydən xəbərsizdir ki, “Əksər” sözü, 1 nəfərə qarşı işlənə bilməz, deməli, özü özünü inkar edərək, qaydalara uymayan direktorların, 1-dən çox olduğunu etiraf edir…
Ümumiyyətlə, müsahibənin gedişatında, bu cür əcaib və anlaşılmaz fikir və ifadələrə, yetərincə rast gəlmək olar. Məsələn, ən sonda, cənab Həsənov, bu cür ifadə işlədir: “Astarada vətənpərvərlik çoxdur. Əsasən də dağ məktəblərində vətənpərvərlik pik həddədir…”
Rəşad bəy, əgər desəydi ki, “Astarada limon, mandarin çoxdur”, bu halda, fikir, məntiqli çıxardı. Lakin, vətənpərvərlik, axı limon, ya da mandarin kimi bir şey deyil ki, onu, bəsit bir miqdar vahidiylə ölçəsən; “çox”, “pik həddə” dərəcələri ilə müəyyən edəsən. Vətənpərvərlik, elə bir şeydir ki, ya yetərincə olur, ya da olmur. “Həddən ziyadə”, yaxud “pik həddə” ola bilməz.
Yaxud da qeyd edir ki, məndən öncə 10 il ərzində heç bir şagird, fərqlənmə attestatı ala bilməyibdir, məhz məndən sonra 3 şagird alıbdır. Ümumiyyətlə, son 1 il ərzində şagirdlərin hansısa ciddi uğurlarından bəhs edir. Halbuki, sadə məntiq deyir ki, 1 il ərzində, ciddi uğur, adətən olmur, ciddi uğur üçün azı 3-4 il lazımdır. Yəni, tutalım, 10-cu sinfə qədər zəif olan bir şagird, 11-ci sinifdə dönüş etmir. Edirsə də, bunu Rəşad Həsənov istədiyi üçün ya da hansısa islahatlardan razı qaldığı üçün etmir, başqa səbəblərə görə edir. 1 il, şagirdin nəticələrinə təsir baxımından, qısa zaman kəsiyidir. Cənab Həsənov, fəaliyyətdə olduğu 2018-2019 tədris ilində, görəsən, necə bir sehr edib ki, 1 il ərzində şagirdlər, dəyişiliblər, yaxud da 10 il ərzində bircə dənə fərqlənmə attestatı alan olmadığı halda, birdən-birə 3 nəfər alıbdır? Məntiq deyir ki, əgər həqiqətən də bu il, hansısa uğur olubsa, bu uğurda daha çox pay, məhz 2018-ci ilə qədərki rəhbərliyə aiddir.
Sadə məntiq qaydalarından xəbərsiz olan Rəşad Həsənov, daima hansısa islahatlar etdiyindən, ya da edəcəyindən danışır. Amma, ilk islahatı, öz üzərində etsə və kitab oxusa, ən azı özü üçün yaxşı olardı… Görünür ki, təhsilə yad olmaqla yanaşı, hətta adi mütaliəsi də zəifdir.
Emin Aydın Mirzəli, “Təhsil Araşdırmalar Mərkəzi”nin nümayəndəsi Siam.az
Tarix: 4-02-2020, 14:17