Gəncə Şəhər 2 saylı Körpələr evi haqqında qalmaqallı iddialarla bağlı məlumat vermişdik...
İddialardan biri vətəndaşlar tərəfindən Körpələr evinə gətirilən oyuncaqların, paltarların uşaqlara verilməməsi, digəri isə körpələrin döyülməsi, baxımsız vəziyyətdə saxlanılması idi.
Məsələ ilə bağlı müəssisə rəhbərliyi ilə əlaqə saxlasaq da, aldığımız cavablar bizi o qədər qane etməmişdi. İddiaların nə qədər əsaslı olub-olmaması isə müəmmalı qalmışdı.
El dili ilə desək, “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyib, iddiaların nə qədər həqiqəti əks etdirdiyini yerində öyrənmək üçün yolumuzu Gəncədən saldıq.
Oxu.Az-a istinadən Gəncə Şəhər 2 saylı Körpələr evindən hazırladığı reportajı təqdim edirik:
Binanın kənardan görünüşü atılmış, sökülmüş, xarabalığı xatırladır. Təəssüf ki, belə vəziyyətdə olan binada körpələr saxlanılır.
Körpələr evinə daxil oldum. Kifayət qədər geniş həyəti olsa da, uşaqların istirahəti üçün yararlı vəziyyətdə deyildi.
Körpələr evinin direktoru Lətifə Kərimova bizi qarşıladı və bina ilə tanış etdi.
Binanın əsaslı təmirə ehtiyacı var
Çöldən gördüyümüz təmirsiz mənzərə binanın içərisində də hiss olunurdu. Bina bir neçə otaqdan ibarətdir. Altı çarpayı, beş beşik olmaqla, ümumi 11 çarpayılı yataq otağı, oyun zalı, kiçik mətbəx, hamam otağı, dəhliz və uşaqların rəsm çəkməsi üçün kiçik otaq var.
Otaqların qapıları köhnə, sınıq-salxaq olduğu üçün yarısı bağlanmır, bağlananda da çətinliklə açılır.
Pəncərələrin şüşələri yeni dəyişilib. Lakin pəncərə yaxınlığında dayananda çöldən gələn soyuğu hiss etməmək mümkün deyil.
L.Kərimovanın sözlərinə görə, yaxın günlərdə işçilər öz hesabına uşaqların yataq otağını yüngül təmir ediblər. Təmir deyəndə isə iki torba “şpaklyovka” və divar boyası nəzərdə tutulur.
Binada zəif də olsa, istilik sistemi işləyir. Buna baxmayaraq, divarları uçuq-sökük otaqlarda rütubət var idi.
Onu da deyim ki, soyuqdan dəhlizdə dayanmaq mümkün deyildi.
Yalnız yataq otağı digərlərinə nisbətən bir qədər isti idi. Axşam hava kəskin soyuduqda kombidən əlavə, gördüyünüz bu, balaca qızdırıcını da yandırırlar ki, uşaqlar üşüməsin.
Kiçik mətbəxin vəziyyəti ürəkaçan deyil
Bu, binanın daxilində olan kiçik mətbəxdir. Burada uşaqların hazır yeməkləri qızdırılır və çay üçün su qaynadılır. Gün ərzində böyük uşaqlara 3-4 dəfə, balacalara isə 5-6 dəfə yemək verilir.
Uşaqlara hər gün ətli yeməklər hazırlanır. Meyvələrdən isə sadəcə alma verilir.
Hamam otağı da bir o qədər isti deyil. Amma uşaqları yuyunduran zaman hamam otağını qızdırdıqlarını dedilər.
Uşaqlar üçün ayrılan otaq çox isti olmasa da, soyuq da deyildi. Gün ərzində uşaqlar burada oynayır. Yatana qədər uşaqların bütün günü məhz bu otaqda keçir.
Həkim yoxdur
Uşaqların bir neçəsi öskürür, asqırırdı. Balacalardan birinin isə qızdırması vardı. Paltarları qalın olsa da, xəstələnmişdilər. L.Kərimova uşaqların həkimə aparıldığını dedi.
Amma hazırda Körpələr evində həkim-pediatrın olmadığını da qeyd etməliyəm.
Müəssisənin əsas mətbəxi isə binadan kənarda yerləşir. İddialarda uşaqlara natəmiz, antisanitar şəraitdə olan mətbəxdə yemək hazırlandığı deyilirdi. Bu məsələnin də doğru olub-olmadığını yoxlamaq üçün uşaqların gün ərzində dörd dəfə qidalanmasının təmin olunduğu yeri görmək istədik.
Mətbəxə də göz gəzdirdik. Mətbəxin əsaslı təmir olunmasına ehtiyac var. Gözümüzə çirkli qab-qacaq dəyməsə də, ürəkaçan mənzərə ilə rastlaşdığımızı deyə bilməyəcəyəm.
Nəhayət, cavabsız qalan bir neçə sualımıza da Gəncə Şəhər 2 saylı Körpələr evinin direktoru Lətifə Kərimova cavablandırıb. Onun sözlərinə görə, son vaxtlar Körpələr evi ilə bağlı yayılan söz-söhbətlər qərəzlidir.
Söhbət əsnasında onu da öyrəndik ki, Körpələr evindəki uşaqların hamısı kimsəsiz deyil:
“Hazırda burada 18 uşaq var. Onlardan üç nəfəri bir yaşa, 15 nəfəri isə üç yaşa qədərdir. Əslində, bizim müəssisədə uşaqlar üç yaşına qədər saxlanılır. Üç yaşından sonra onlar internat evlərinə verilir.
Uşaqlar arasında eləsi var ki, valideynlərindən biri var, o biri yoxdur. Maddi durumları imkan vermədiyi üçün uşağa baxa bilmirlər.
Müvəqqəti olaraq körpələri bizim müəssisəyə qoyublar. Hazırda burada olan uşaqlardan birinin əlilliyi olduğu üçün biz onu hələ də müəssisədə saxlayırıq. Onun əlillər evinə göndərilməsi üçün əlilliyi təsdiq edən sənəd alınmalıdır. Bununla bağlı aidiyyəti orqanlara müraciət etmişik.
Haqqımızda yalan məlumatlar yayılır. Bunların heç biri doğru deyil. Tək ehtiyacımız olan müəssisənin əsaslı şəkildə təmir edilməsidir. Qalan iddia edilən geyim, yemək, oyuncaq məsələlərinin hamısı dövlət tərəfindən qarşılanır.
Bir məqama aydınlıq gətirim. Elə bilməyin ki, istənilən şəxs uşağını gətirib bu müəssisəyə verə bilər. Valideyni olan uşaqlar buraya istisna hallar nəzərə alınmaqla, İcra Hakimiyyətinin tərkibində olan Qəyyumluq və himayəçilik Komissiyasının qərarına əsasən gətirilib”.
Doqquz il ərzində dörd uşaq ölümü baş verib
L.Kərimovanın sözlərinə görə, əvvəllər bu müəssisədə uşaq ölümləri çox olub:
“Artıq doqquz ildir ki, 2 saylı Körpələr Evində direktor kimi çalışıram. Məndən əvvəl burada uşaq ölümləri ilə bağlı çox faktlar olub. Son doqquz il ərzində isə dörd uşaq ölümü baş verib. Ölənlərdən biri əlil uşaq idi. İkisi yüksək hərarətdən qıcolma keçirərək, digəri isə QİÇS diaqnozu ilə ölüb”.
Həkim-pediatr və tibb bacısı axtarılır
Təəssüf ki, bu gün müəssisədə uşaqların sağlamlığına mütəmadi nəzarət edən həkim yoxdur. Öyrəndik ki, həkim pediatr bir neçə ay əvvəl məzuniyyətə çıxıb, sonra işə qayıtmayıb:
“Bizim müəssisə Səhiyyə Nazirliyinə tabedir. Məsələ ilə bağlı onlara da məlumat vermişik ki, bizə həkim göndərsinlər”.
1936-cı ildən bu günə qədər fəaliyyət göstərən müəssisə, uzun illər əvvəl cəmi bir dəfə təmir üzü görüb. Bu gün isə Körpələr evinin təmir-bərpa işlərinə baxan yoxdur.
2 saylı Körpələr evinin kollektivi 36 nəfərdən ibarətdir. Onlardan doqquzu dayə, ikisi mətbəx işçisi, altısı tibb bacısı, 11 nəfəri tərbiyəçi, səkkiz nəfər isə həyətyanı sahədəki işlərə baxan işçilərdir. Hazırda Körpələr evində bir tibb bacısı və bir həkim pediatr üçün vakant yer var.
O insanlar bunu qərəzli edir
Körpələr evində uşaqların kifayət qədər geyimləri var idi. Səliqəsiz, istifadəyə yarasız paltar gözümüzə dəymədi. L.Kərimova uşaqların paltar, qida ilə bağlı təminatlarının dövlət tərəfindən qarşılandığını bildirdi.
L.Kərimova həm də sosial şəbəkələrdə müəssisə ilə bağlı yalan-yanlış məlumatlar yayan şəxslərin qərəzli olduğunu da dedi:
“Bir xanım və bir kişi müntəzəm bizim barədə yalan məlumatlar yayır. Həmin oğlan bir dəfə bizə 70 manatlıq oyuncaqlar alıb gətirdi. Yarısı köhnə, yarısı isə təzə idi. Yalan deyə bilmərəm. Onun gətirdiyi oyuncaqları işçilər təhvil alıb, uşaqlara isə o özü paylayıb.
Uşaqlar səliqəsiz oynatdığı üçün oyuncaqların bəziləri qırılıb. İki gün keçdi və həmin adam müəssisəyə gəlib tələb etdi ki, oyuncaqları bu dəqiqə gətirin göstərin, yoxsa qaynar xəttə zəng edəcəyəm.
Oyuncaqları təhvil alan işçi məzuniyyətə getmişdi deyə, hansı otağa yığdığını tapa bilmirdik. Nəhayət, zəng edib öyrəndik, çıxarıb qoyduq otağa. Onu da çağırdıq. Gəldi, gördü. Bu dəfə də yarısı sınıb deyərək, bizi günahkar çıxardı ki, oyuncaqları siz sındırmısınız. Uşaqlar oynayanda səliqəsiz davrananda yarısı qırılıb. Biz oyuncaqları neynirik axı?
Başqa bir xanımın gətirdiyi paltar və oyuncaqlar isə ortaya çıxarılası deyildi. İşlənmiş paltar başqadır, çirkli paltar başqa. Uşaqlara gətirdiyi paltarların əksəriyyəti istifadəyə yararsız vəziyyətdə idi. Paltarların içərisindən isə qadının alt geyimi də çıxmışdı. Qəsdən etdiyini demirəm, amma fakt belə olmuşdu”.
Təmir və kadr çatışmazlığı ilə bağlı müvafiq olaraq Səhiyyə Nazirliyinə, Gəncə şəhər Səhiyyə İdarəsinə və Gəncə şəhər İcra Hakimiyyətinə müraciət edilib. İnanırıq ki, qısa zaman ərzində Körpələr evi ilə bağlı problemlər öz həllini tapacaq.
Reportajımızda oxucuları narahat edən iddia və suallara cavab tapmağa çalışdıq.
XalqXeber.Az