Ağcabədidə SEÇKİ DRAMI: Deputatlığa namizədi ailəsi ilə təhdid edirlər – “Nəslini itirərik”


 “Dəfələrlə pul, vəzifə söz verdilər, razılaşmadığım üçün təhdid etməyə başladılar”.
Yenicag.az-a müraciət edən 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizəd Sənan Həsənoğlu (Abdullayev) 9 fevral növbədənkənar parlament seçkilərindən sonra özünün və ailə üzvlərinin həyatına təhlükə yarandığını bildirib.
 
Sənan Həsənoğlunun sözlərinə görə, ona qarşı təhdidlər 9 fevral seçkilərində iştirak qərarından sonra başlayıb:
“Məni bir neçə dəfə Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının qərargahına çağırdılar və seçkilərə qatılmamağım üçün pul təklif etdilər, razılaşmadım. Dəfələrlə pul, vəzifə söz verdilər. Bunlarla da razılaşmadığım üçün təhdid etməyə başladılar”.
Ailəsinin təhdid edildiyini deyən Sənan Həsənoğlu bildirib ki, ona Rusiya mobil operatorlarının nömrələrindən zəng vuranlar ondan MSK-ya yazdığı şikayəti geri götürməyi tələb edirlər:
“Artıq neçə gündür ki, durmadan zəng vurub, təhdid edirlər. Hər zəng vuranda da “ailəni, uşağını fikirləş” deyirlər. Məni ailəmlə təhdid edirlər.
Zəng edənlər bildirirlər ki, Ağcabədinin icra başçısının birinci müavini Rövşən Əhmədovdan 20 min manat al, MSK-dan şikayətini geri çək. Tahir Rzayev siyasi prosesə kriminalı qatıb.
Görün iş nə yerdədir ki, məni təhdid edənlər deyir Ağcabədinin yiyəsi Tahir Rzayevdir, sənin nəslini itirərik”.
 
Tahir Rzayevlə Rövşən Əhmədovun quda olduqları deyilir. Sənan Həsənoğlu ona edilən zəng və təhdidin yer aldığı videogörüntünü də redaksiyamıza təqdim edib.
Sənan Həsənoğlu aldığı təhdidlərlə əlaqədar ölkə rəhbərliyinə və Baş Prokurorluğa müraciət edərək, özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsini istəyir.
Səxavət Məmməd
Tarix: 14-02-2020, 16:07
Xəbəri paylaş





Xəbər lenti