Lənkəran kimi Xəzərin sahilində yerləşən şəhərdə “könlü balıq istəyənin, quyruğu suda gərək” deyil. Çünki nə iş quyruqdadır, nə dənizdə...
Bu il lənkəranlılar, sözün əsl mənasında, balıq üzünə həsrət qalıblar. Söhbət onların ən sevimli və ən çox yediyi kütüm (ziyad) balığından gedir. Həmişə kütüm sarıdan korluq çəkməyən Lənkəran camaatı bu mövsüm balıq tapa bilmir.
Həftəsonu Lənkəran bazarında olarkən gördük ki, istənilən vaxt ucuz qiymətə satılan kütüm balığı indi qıt və bahadır. Lənkəranlılar 1, 1,5 kiloluq, yəni normal çəkidə olan kütümü 6-7 manata alırdılar.
Hətta elə bolluq dövrü olub ki, 5 manata da satılıb. Son illərdə isə 7-8 manata ortabab çəkili bir balıq almaq mümkün idi.
Hazırda Lənkəranın nə bazarında, nə dənizkənarındakı vətəgələrdə heç 10 manata da balıq ala bilmirsən.
Bazarı gəzərkən öyrəndik ki, kütüm balığı 18-20 manatdan aşağı satılmır. Üstəlik, balıq da çox deyil. Düzdür, sazan, kefal və s. balıq növlərindən ürəyin istəyən qədər almaq olur.
Sadəcə, Lənkəranda adını çəkdiyimiz balıqların üzünə baxan da olmur. Ta bineyi-qədimdən bu yerin camaatı üçün balıqların “şahı” kütüm, özlərinin dili ilə desək, ziyad balığıdır. İndi isə Lənkəranda “balıqların şahı ölüb dəryada...”
Satıcılar belə izah edirlər ki, ilk növbədə hava şəraiti işləri korlayıb. Qış mövsümündə şaxtalı, soyuq günlərin az olması balıq ovuna təsir edib.
“Balıq isti yerlərə gəlmir. Bu il də havalar anormal keçdi. Gah bürkü oldu, gah yay havası oldu. Lənkəran kimi yerdə heç vaxt külək çox olmazdı. Bu il külək də balıqçıların işini çətinləşdirdi.
Ona görə kütüm az çıxır, qiyməti də qalxır. Özü də restoranlar balığı daşıyırlar, Bakıya çox gedir. Yerli camaat istədiyi qədər balıq ala bilmir", -deyə bazarda balıq satan danışır.
Onun dediyinə görə, 18 manatdan aşağı kütüm yoxdur: “Millət yalvarır ki, 12 manata da almağa razıyam. Hansı ki 7-8 manata bu balığı alardılar.
Məsələn, keçən il 20 manata üç ortabab kütüm almaq olardı. Bu il cəmi bir kütüm ala bilərsən. Qabaqdan Novruz və çərşənbələr gəlir.
Lənkəran əhli də həm balıq sevəndir, həm də axır çərşənbə günü mütləq süfrədə kütüm olmalıdır. Təsəvvür elə ki, bayramqabağı qiymətlər necə olacaq? Ən azı 25-30 manata balıq tapsan, sevinərsən".
Satıcılar bildirirlər ki, fevralın sonuna yaxın balığın qiymətinin qismən ucuzlaşacağını gözləyirlər: “Ucuzlaşma deyəndə mən 13-14 manatı nəzərdə tuturam. Yəni heç ümid eləmə ki, bu il 8-9 manata balıq ala biləcəksən. Kasıb camaat da o qiymətə ala bilmir. Bir kütümə 10-12 manat verməkdənsə, həmin pula evinə 1 kilo ət alar".
Lənkəranın dənizkənarında vətəgələrə də baş çəkdik. Balıqçılar deyirlər ki, bu il ov yoxdur. Onların dediyinə görə, kütüm soyuq havada tora çox düşür: “Az qala qısaqol köynəkdə gəzirik. Belə havada balıq olar?
Olanı da hotellər, restoranlar, Bakıdan sifariş edənlər daşıyır. Yerli camaata heç nə qalmır. Balıqartırma işləri görüməlidir. Ancaq bu il balıq üzünə həsrət qalmağımız əsas hava şəraitinin ucbatından oldu. Bu gedişlə əhali bayramda da balıq ala bilməyəcək".
Satıcılar deyirlər ki, bu vəziyyət ov quşlarının qiymətinə də təsir edib: “Bu il gəraf, qaşqaldaq kimi həmişə yeyilən quşlar az və baha tapılır. Bilirsiniz ki, bizim zonada bu quşların ləvəngisi hazırlanır. İndi 10-12 manatlıq quş 15-17 manat olub”.
Qeyd edək ki, kütüm Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur.
Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən kükü və ləvəngi hazırlanır. Sümüklü balıqdır.
Kütüm yarımkeçici balıqdır, daim dənizdə yaşayır, kürü tökmək üçün şirin sulara girir. Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Xəzərdə illik ovu 7 min tona çatırdı. Artıq 10 ilə yaxındır ki, xüsusi qayda ilə tikilmiş inqubatoriyada kütüm kürüsü inkişaf etdirilir, hər il 50 milyon sürfə yetişdirilib Xəzər dənizinə buraxılır. Kütüm Mingəçevir su anbarına köçürülüb, orada cinsiyyətcə yetkinləşməsi tezləşib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Lənkəran - Bakı