Səhiyyə sistemində növbəti "qısaqapanma" - Həkimlərin maaşı azaldıldı






Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım bölməsinin həkim kollektivi əməkhaqqıları İTS Agentliyi tərəfindən qanunsuz şəkildə azaldıldığı üçün prezident İlham Əliyevə birgə müraciət ünvanlayıb.

41 nəfər həkimin imzasıyla göndərilən müraciətdə prezident fərmanının tətbiqinin İTS Agentliyi tərəfindən kobud qanun pozuntusuna yol verərək özbaşına dayandırıldığı bildirilir.

Moderator.az müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikası Prezidenti Möhtərəm İlham Əliyev Cənəblarına Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım bölməsinin həkim kollektivi tərəfindən

Müraciət məktubu

Möhtərəm İlham Əliyev Cənabları !

"Biz, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım bölməsinin həkimləri Sizin səhiyyədə yenilik olan İcbari Tibbi Sığorta sisteminin tətbiqinə dair göstərişinə ürəkdən sevinirik və dəstəkləyiyrik. Xalqımız bundan layiqincə yararlanacaq. Sizin Təcili Tibbi Yardım işçilərinə, xüsusən həkimlərə diqqətiniz daim yüksək olub. Təcili Tibbi Yardım sahəsi işinin ağırlığı, çox həyəcanlı və hədsiz gərginliyi ilə seçilir, biz dəfələrlə təhlükəli vəziyyətlərlə üzləşirik. Sığortanın tətbiqindən sonra işimiz birə-beş artıb. Təcili Tibbi Yardım həkimləri səhiyyənin öndəgedən əliyalın əsgərləridir. Bütün çətinliklərə baxmayaraq, biz xalqımızın xidmətində layiqincə dayanacağıq. Sizin bizə qayğınız həmişə yüksək səviyyədə olub və Təcili Tibbi Yardım işçilərinin maddi rifahının yüksəltmək məqsədi ilə 30 dekabr 2007-ci il tarixli 2614 saylı fərmanınızla bizim vəzifə(tarif) maaşlarımıza 2.0(ikiqat) artım əmsalının tətbiq olunmasına göstəriş vermisiniz. Bu fərman 01 yanvar 2020-ci il tarixinə kimi tətbiq olunurdu. Mingəçevir şəhərində İcbari Tibbi Sığorta sistemini pilot layihə müddətində biz həkimlərə dövlətimizin ayırdığı aylıq əmək haqqından əlavə İTS agentliyi tərəfindən 200 manat məbləğində həvəsləndirici əlavə təyin olunmuşdu. Əmək haqqı layiqli şəkildə artmışdı. 3 il pilot layihə müddətində görüntü olması üçün belə davam etdi. Lakin aylıq əmək haqqımızın təyini İTS agentliyinə həvalə olunandan sonra vəziyyət biz həkimlərin əleyhinə mənfi şəkildə dəyişdi . Belə ki, Sizin Təcili Tibbi Yardımın bütün kateqoriyadan olan işçilərinin maddi rifahının artırılması üçün vəzifə(tarif) maaşlarına 2.0(ikiqat) artım əmsalının tətbiq olunması haqqında 30 dekabr 2007-ci il tarixli 2614 saylı fərmanınızı nəzərə almadılar, kobud şəkildə pozaraq ləğv etdilər. Nəyə əsaslandılar, heç kim anlaya bilmədi. Prezidentin fərmanını kim poza bilər? Aylıq əmək haqqımızı vəzifə (tarif) maaşın 1.0(birqat) əmsalı ilə və 2.0(ikiqat) artım əmsalı ləğv edərək onun əvəzində həvəsləndirici əlavə məbləğ təyin etməklə verərək hamını aldatdılar. Yəni dövlətin bizə əvvəldən verdiyi ikiqat əmək haqqını iki yerə bölüb bir hissəsini dövlət maaşı kimi verdilər, bir hissəsini də öz adlarına çıxararaq maliyyə pozuntusu yolunu seçdilər. Pilot layihə müddətində verdikləri 200 manat məbləği də ləğv etdilər. Hətta Əmək Məcəlləsini pozaraq gecə növbəsi üçün nəzərdə tutulmuş vəzifə (tarif) maaşının hər saatı ücün ayrılan 50%-i guya əlavə verdikləri məbləğ “donu” geyindirdikləri hissə ücün 35%-ə endirdilər. 
  
Beləliklə, İTS Agentliyi tərəfindən Təcili Tibbi Yardım həkimlərinin birə-beş artmış işləri müqabilində heç bir əlavələr olmadı və əksinə, dövlətimizin bizə həmişədən ayırdığı əmək haqqını maliyyə pozuntusu edərək azaltdılar. Yəni maaşımız sığortadan əvvəl aldığımızdan da aşağı salındı.
  
Sizin 30 dekabr 2007-ci il tarixli 2614 saylı fərmanınızın qüvvədə olmasına baxmayaraq İTS Agentliyi kobud qanun pozuntusuna yol verərək bu fərmanın tətbiqini özbaşına şəkildə dayandırdı. Bu cürəti, cəsarəti hardan alırlar?

Cənab İlham Əliyev ! Biz Təcili Tibbi Yardım həkimləri dövlətimizi və xalqımızı sevirik, daim xidmətindəyik. Qanunların aliliyinə və Sizin ədalətinizə həmişə inanırıq. Sizin bizə olan qayğınıza sığınaraq kömək etmənizi xahiş edirik. Ümid edirik ki, bu məsələ müsbət həllini tapacaq. 
  
Böyük hörmətlə və ehtiramla Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım bölməsinin həkim kollektivi !

10 fevral 2020-ci il"




Tarix: 19-02-2020, 11:59
Xəbəri paylaş





Xəbər lenti