20 manatlıq şübhəli şirkətlə 1 milyon yarımlıq müqavilə – Salyanda “tender bazarı”
Salyan Rayon İcra Hakimiyyəti “Sevinc-96” MMC ilə toplam maliyyə dəyəri 1 353 583 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb. REPORTYOR.info xəbər verir ki, müqavilələrdə “Salyan şəhərinin küçə və səkilərinin əsaslı təmiri” (1 006 803.31 AZN) və “Salyan şəhərində kommunal binaların təmiri” (346 779.85 AZN) nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Sevinc-96” MMC 31 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan MMC-nin hüquqi ünvanı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Haxıyev Yusif Camal oğludur.
“Sevinc-96” MMC ilə bağlı araşdırma apararkən bəlli olur ki, şirkət əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin elan etdiyi tenderlərin qalibi olur. Məsələn, şirkət bu ilin yanvar ayında Füzuli Suvarma Sistemləri İdarəsinin elan etdiyi 29, 9 milyonluq tenderin qalibi olub.
Şübhəli tenderlərin əhəmiyyətli hissəsində məhz “Sevinc 96” MMC-nin adı keçir. Mediada gedən məlumatlara görə, MMC-nin əsl sahibi Qurban Abbasovdur. O, Salyanda iş adamı kimi tanınır.
Bir müddət əvvəl Qurban Abbasov oğlunun dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. İş adamının oğlu İlkin Qurbanovun toy karvanında 25 ədəd “Mercedes Gelandewagen”in iştirak etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu. Hətta kortej yol-nəqliyyat qaldalarını pozduğu üçün polis tərəfdindən araşdırmalara başlanılmışdı. Hər halda mediada yayılan məlumatlarda belə deyilir. Qurban Abbasov da faktı təsdiqləmişdi. Amma avtomobillərin onun ailə üzvlərinə aid olmadığını bildirmişdi.
Qurban Abbasov eyni zamanda “CSM Nix”, “Nigar LTD”, “A+B OİL Servis”, “İlkin N”, “Halal İnşaat” və “XXI-əsr” şirkətlərinə nəzarət edir. Bu şirkətlər Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumların, xüsusilə suvarma sistemləri idarələrinin tenderlərini qazanır.
İddialara görə, Qurban Abbasovun nəzarətində olan şirkətərin ümumi dövriyyəsi 50 milyon manatdan çoxdur.
Tarix: 31-07-2021, 16:00