“Azərişıq” ASC-nin Lənkərandakı “ölüm məntəqələri” - Transformatorlarda narkomanlar yuva salıblar
Ölkəmizdə “Azərişıq” ASC-nin bərbad vəziyyətdə olan transformator məntəqələrinə tez-tez rast gəlmək olar. Xüsusilə də bölgələrimizdə heç bir təhlükəsizlik qaydalarına uyğun gəlməyən, ciddi təhlükə mənbəyi olan transformatorlar olduqca çoxdur.“AzPolitika.info”-nun elektron poçtuna Lənkərandakı oxucularımızdan daxil olan məktubda xüsusilə məktəb və liseylərin həyətlərindəki elektrik transformatorlarının bərbad vəziyyətdə olduğu və burada təhsil alan şagird və tələbələr üçün böyük təhlükə yaratdığı qeyd olunur.
Fotolardan da göründüyü kimi, yüksək gərginlik olan transformatorların ya tamamilə açıq olduğu, ya da necə və nə ilə gəldi, əksər hallarda paslanmış dəmir-dümürlə yarımçıq şəkildə bağlandığı görünür.
Redaksiyamıza ünvanlanan məktubda deyilir:
“Bildiyimiz kimi, hər bir məktəbin ərazisində “Azərişıq” ASC-nin transformator məntəqələri mövcuddur. Lənkəran Elektrik Şəbəkəsinin(EŞ) rəhbərliyi yeni tədris ilində bizim övladlarımızı qapıları olmayan, sökülmüş, ölümə səsləyən, texniki normalara uyğun olmayan transformator məntəqələri ilə salamlayacaq. Artıq uzun illərdir ki, Lənkəran EŞ-nin balansında olan bu transformator məntəqələrində narkomanlar yurd-yuva salıblar. Transformator məntəqələrinin tikililəri qəzalı vəziyyətdədir. Qapı və pəncərələri yoxdur. Qapısı olan yerlərdə isə qıfıl əvəzi paslı məftillərdən istifadə olunub. Bəzi yerlərdə köhnə dəmir çarpayıların dəmir torlarından qapı kimi istifadə olunub. Məntəqələrin ətrafında olmalı olan qoruyucu baryer hasarlar ümumiyyətlə yoxdur. Çox maraqlıdır, bu işlər üçün ayrılan pullar hara və kimlərin ciblərinə gedib?”Qeyd edək ki, söhbət Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdən, Lənkəran Peşə Liseyindən, Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdən, Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdən, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydən gedir.
Doğrudan da, maraqlı sualdır – bu məntəqələrin saxlanması, təmiri və s. üçün ayrılan pullar hara, kimlərin cibinə gedib? Və sabah bu transformatorlar hansısa azyaşlı uşağın, məktəblinin ölümünə səbəb olsa, buna görə kim məsuliyyət daşıyacaq?
Tarix: 3-08-2021, 08:36