Ağdamın icra başçısı HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ... - İLGİNC İDDİA
Ağdam rayonundan AzToday.az-a daxil olan məlumata görə, Maliyyə Nazirliyi tərəfindən rayonun Səhiyyə Şöbəsində aparılan 45 günlük yoxlama müdhiş korrupsiya faktları üzə çıxarıb. Həmin korrupsiya faktlarının arasında biri Ağdam rayonunda korrupsiyanın necə miqyas aldığını göstərir. Belə ki, Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı Türkiyədə yaşayan bir şəxsin Təcili Tibbi Yardım idarəsində həkim “işlədiyi” və buna görə dövlətdən hər ay əmək haqqı aldığı üzə çıxıb. O da məlum ki, həmin şəxsi adı koronavirus pandemiyası ilə mübarizə aparan tibb işçilərininin siyahısına daxil edilib və adına külli miqdarda pul yazılaraq mənimsənilib. Həmin şəxsin Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun ailəsinə yaxın şəxs olduğu da redaksiyamıza daxil olan məlumatlar arasındadır. Maliyyə Nazirliyinin Ağdam rayonun Səhiyyə Şöbəsində üzə çıxardığı məlumatların yaxın günlərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi gözlənilir. Bu ehtimal isə icra başçısı Vaqif Həsənovu ciddi narahat edir. Çünki bu halda həbslər qaçılmaz olacaq.
Vaqif Həsənovu digər icra başçılarından fərqləndirən idarəetmə üsulu isə icra başçısı təyin edildikdən sonra həyat yoldaşı Sədaqət Həsənovanı Təhsil Şöbəsində vəzifəyə təyin etməsidir. Təhsil Şöbəsinə faktiki olaraq hazırda Sədaqət Həsənova rəhbərlik edir. Təhsil Şöbəsinin keçmiş müdirəsi Mətanət Misirxanova Təhsil naziri Emin Əmrullayevin prinsipial mövqeyi nəticəsində vəzifəsindən azad edildi. Bu vəziyyətdən sui-istifadə edən icra başçısı isə Təhsil Şöbəsinə rəhbərliyi müvəqqəti olaraq ayrı-ayrı şəxslərə həvalə etməklə, həyat yoldaşının Təhsil Şöbəsində əsas söz sahibi olmasını təmin edir. Baxmayaraq ki, Sədaqət Həsənova çox vaxt Ağdamda yaşamır və qeydiyyatda olduğu, Bakı şəhər Neftçilər prospekti ev 5 ünvanında yerləşən mülkdə yaşayır. Yeri gəlmişkən bu mülk Vaqif Həsənovun çoxsaylı sərvətinin kiçik bir hissəsidir. İcra başçısnın sərvəti başqa bir araşdırmanın mövzusudur.
İcra başçısı Vaqif Həsənov Ağdam rayonun Xındırıstan və Ayaqqərvənd kəndlərində hektarlarla torpaq sahəsini nəzarətinə keçirməsi ilə bağlı da AzToday.az-a məlumatlar daxil olub. Digər bir məlumat icra başçısnın oğlu ilə bağlıdır. Belə ki, Ağdam rayon sakinləri Vaqif Həsənovun oğlu, 1994-cü il təvəllüdlü Vasif Həsənlinin ötən il torpaqlarımızın işğaldan azad olunması ilə nəticələn İkinci Qarabağ Müharibəsində nə üçün iştirak etməməsini də araşdırılmasını tələb edirlər. Redaksiyamızda olan məlumata görə icra başçısının oğlu Vasif Həsənli Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyir.
Araşdırmalarımız davam edir. Bütün bu məlumatlarla bağlı icra başçısının mövqeyini dinləməyə hazırıq.