Mingəçevir bazarında toplanan pullar kim(lər)in cib(lər)inə axır?
İcra başçısı İlham İsmayılov bir şey deyir, Əmlak Xidməti başqa şey Paytaxtda oturub bölgədə hektarlarla torpaqları zəbt etmiş oliqarx-məmurlara “dur” deməyin vaxtı yetişib
Ölkənin 4-cü böyük şəhəri hesab olunan Mingəçevirin ana prospektində yerləşən və sovetlər dönəmindən kolxoz bazarı kimi tanınan mərkəzi bazarda hökm sürən antisanitariya təkcə yerli sakinlərin deyil, qonşu rayonlardan bura alış-veriş üçün gələn insanların da yaralı yerlərindən biridir. 40 ildən artıqdır ki, fəaliyyət göstərən bazarın başına son 25-30 ildə açılmayan oyun qalmayıb. Vaxtilə kolxoz bazarı, topdansatış məntəqəsi, ticarət mərkəzi kimi fəaliyyət göstərmiş bazarın əsas binasında 2019-cu ilin fevralında ölkənin iri supermarket şəbəkələrindən olan “Bazarstore”nin növbəti mağazası açılıb. Ötən illər ərzində şəhərdə hər rəhbər dəyişikliyindən sonra bazarın daxilində və ətrafında dəfələrlə rekonstruksiya işləri aparılsa da, bu gün əksər obyektlərin qapısından qıfıl asılıb. Heç bir ventilyasiya sistemi olmayan kortəbii, plansız şəkildə “yenidən qurulan” bazarın ərazisində istər yay, istərsə də qış aylarında nəinki ticarətlə məşğul olmaq, heç nəfəs almaq belə mümkün deyil.
Ümumiyyətlə, Mingəçevir bazarında ticarətlə məşğul olmaq üçün konkret heç bir şərait yoxdur. Bazarın qarşısında xeyli sayda yöndəmsiz piştaxtalar qurulub. Kənd təsərrüfatı məhsulları, meyvə, yaş tərəvəz, göy-göyərti və s. sanitar-gigiyenik qaydalara əməl edilmədən birbaşa asfaltın üstünə tökülərək satılır. Bəzi satıcıların özlərindən sonra qoyduğu zibilliyin ətrafa yaydığı qoxunu, natəmizliyi sözlə ifadə etmək mümkün deyil. Satıcılar, ələlxüsus da qonşu rayon və kəndlərdən gələn insanlar yay və qış aylarında açıq havada alver edərkən əziyyət çəkdiklərini deyirlər. Satış üçün heç bir şərait yaradılmadığı halda onlardan yer haqqı alınır. Qeyd edək ki, yerli sakinlər illərdir burada alış-veriş edir. İlin 365 günü burada alver edənlərdən gündəlik olaraq toplanan və heç bir yerdə hesabatı aparılmayan külli miqdarda vəsaitin kim(lər)in cib(lər)inə getdiyini bazarda bilməyən yoxdur. Ünsiyyətdə olduğumuz əksər satıcılar “balalarım var, onsuz da işsiz-gücsüz adamam, çörəyimdən olaram” deyib ad çəkməkdən ehtiyat edirlər. Maraqlıdır ki, bunca vəsait hər gün heç bir qəbz-filan təqdim edilmədən hamının, hətta polisin belə gözləri qarşısında heç nə olmamış kimi yığılır. Satıcılar deyir ki, Mingəçevir bazarının fəaliyyətinə yalnız iki halda – ölkə başçısı İlham Əliyev bölgəyə səfər edəndə, ya da şəhərə yeni icra başçısı təyin olunanda fasilə verilir. Birinci halda, yəni Prezident şəhərə gəlib gedəndə bu, günün bir hissəsi sürür. İkinci halda isə bu, adətən 3-4 gün davam edir. Və bu 3-4 gün içində hansısa razılaşmalardan sonra bazar yenidən fəaliyyətini davam etdirir.
İstisna hal kimi 2015-ci ilin yayında təşkil olunmuş I Avropa Oyunlarını (həmin oyunlar zamanı Bakıyla yanaşı, bir neçə yarış Mingəçevirdə keçirilmişdi – A.) qeyd etmək olar. Düzdür, o zaman bazarın fəaliyyətinə ara verilməmişdi, əvəzində yerli rəhbərlik şəhərə əcnəbi idmançıların və qonaqların gəlişini nəzərə alıb bazarın qarşısındakı eybəcərliyi “Potyomkin hasarları”yla ört-basdır etməyə çalışmışdı. Şəhər rəhbərliyinin “başını kola soxmuş qırqovul” barədə məşhur el məsəlini xatırladan həmin hərəkəti haqda günü bu gün də sakinlər arasında xeyli lətifə dolaşır.
Bu yaxınlarda media nümayəndələriylə keçirilən görüşlərin birində şəhər bazarının ətrafındakı acınacaqlı vəziyyətlə bağlı sualı cavablandıran icra başçısı İlham İsmayılov bildirmişdi ki, durumdan xəbərdardır və şəhər rəhbəri kimi bu hal onu da narahat edir. İcra başçısı onu da əlavə etmişdi ki, sözügedən ərazi və onun ətrafı bazar rəhbərliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid olan bir məsələdir. Məsələylə bağlı ƏMDX-dən əməkdaşımıza bildirilib ki, bu gün Mingəçevir bazarının qarşısındakı mövcud vəziyyətin onlara aidiyyəti yoxdur. Qurumun vəzifəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirməkdir. Bazarın qarşısında yöndəmsiz, nimdaş piştaxtalarda alver edən, yol kənarında antisanitariya şəraitində yerdə məhsul satan insanlara görə onlar məsuliyyət daşımırlar. Biz bazarda ticarətlə məşğul olan insanlarla görüşüb söhbətləşdik. Kamil Məmmədov Yevlax rayonunun Xaldan qəsəbəsində yaşayır. Deyir ki, məsafə baxımından əlverişli olduğu üçün 10 ildən çoxdur alver etməyə Mingəçevir bazarına gəlir: “Öz təsərrüfatımızda əkib-becərdiyimizi satanacan itin zülmünü çəkirik burda. O gəlir pul ver, bu gəlir pul ver, bilmirsən kim kimədir. Biri gəlir malı sürükləyir aparır o tərəfə, digəri bir tərəfə. Verdiyimiz pulun müqabilində düz-əməlli şərait yaratsalar, yer ayırsalar adamı yandırmaz. Ayaq üstə, elə bardürün kənarındaca gətirdiyimizi dəyər-dəyməzinə verib evə qayıdırıq. Sözümüzü deməyə, şikayət etməyə ünvan yoxdur”. Ağdaş sakini Səkinə Yusifova da eyni dərddədir: “Bala, bu şəhərin, bu bazarın bir yiyəsi yoxdur görəsən? Bu biabırçılığı, iyrəncliyi görmürlər? Mingəçevirin icra başçısının yolu heçmi bazara düşmür? Ətrafa baxın, üfunət iyindən baş çatlayır. Gördüyün bütün piştaxtalar alverçilərə aiddir. Kəndli burda zülm çəkir. Natəmiz asfaltın üstündə mal satanların hamısı ya kəndlilərdir, ya da yoxsul şəhər camaatı. Biz də bilirik ki, bu şəraitdə məhsul satmaq olmaz. Amma neyləyək ki, bu işə cavabdeh olanlar satıcılara heç bir şərait yaratmırlar”. Yeri gəlmişkən, S.Vurğun adına Mədəniyyət Evinin (mədəniyyətdən tamamən uzaq düşmüş Mədəniyyət Evinin özü ayrıca bir yazının mövzusudur – A.) qarşısında, Ərəş küçəsindəki yolun böyük bir hissəsi 20 il öncə Mingəçevir Bələdiyyəsi tərəfindən bazara 50 illiyə icarəyə verilib. Lakin bu da problemi həll etməyib. Bələdiyyədən aldığımız məlumata görə, şəhərin baş planına zidd olaraq həmin ərazinin hasarlanaraq icarəyə verilməsi o zaman şəhərə rəhbərlik etmiş mərhum icra başçısı Məhəbbət Qarabağlının israrlı təkidi və təzyiqi nəticəsində baş tutub. Onu da öyrəndik ki, bələdiyyə bu icarədən bir manat belə qazanmır. Ticarətçilər isə boş olmasına rəğmən qeyd olunan ərazidə yer haqqının bahalığı üzündənmi, ya başqa səbəbdən mərkəzi bazarın qarşısında alver etməyi daha üstün tuturlar. Bazarın sağında, Puşkin küçəsində, keçmiş Mühasiblər məktəbinin qarşısında da oxşar vəziyyətdir. Satıcılar meyvə-tərəvəzi, ət və ət məhsullarını, balıqları yerə düzüb, bəzən tullantıların yanında satırlar. Bazarda karantin rejiminin qaydalarına qətiyyən riayət olunmur. Burada nəinki sosial məsafə gözlənilmir, heç tibbi maskadan belə istifadə edilmir. Dezinfeksiyadan isə ümumiyyətlə söhbət gedə bilməz. Antisanitariya şəraitində satılan müxtəlif qida məhsullarının sabah hansısa bir xəstəliyə səbəb olmayacağı şübhə doğurur. Ancaq görünən odur ki, istər bazar, istərsə də şəhər rəhbərliyini əhalinin sağlamlığından çox burada toplanan gündəlik gəlir daha çox maraqlandırır. Bəs problemin həlli yolu nədədir? Şahidi olduğumuz mənzərə onu deməyə əsas verir ki, şəhərin mərkəzində yerləşən və haqqında bəhs etdiyimiz bazar artıq tələblərə cavab vermir. Başqa sözlə, bazar bazarlığından çıxıb. Bu gün Mingəçevirdə yeni, daha müasir bazara ehtiyac var (Doğrudur, 2019-cu ilin noyabrında Mingəçevir Bələdiyyəsi Energetiklər qəsəbəsinin 25 minlik əhalisi üçün bazar tikib, istifadəyə verdi. Adı da Bələdiyyə bazarı adlandırıldı. Ümumi ərazisi 280 kv.m olan və bələdiyyə büdcəsinə ayrılan 171 min manat subvensiya hesabına inşa olunmuş bazar su-kanalizasiya xətti olmadığından bir müddət istifadəsiz qaldıqdan sonra təyinatı dəyişdirilərək icarəyə verildi). Yeni bazar sakinlərə əlçatan yerdə inşa edilməlidir və Mingəçevir şəhər İcra Hakimiyyəti hər şeydən öncə bunun qayğısına qalmalıdır. “Şəhərdə boş ərazi qalmayıb” kimi bəhanələr keçmir. Bu gün Mingəçevirdə xeyli sayda yarımçıq tikililərlə zəbt olunmuş istifadəsiz ərazi mövcuddur. Həmin ərazilərin şəhərə heç bir bağlılığı və aidiyyatı olmayan paytaxtda oturmuş bir neçə oliqarx-məmur və iş adamına məxsusluğu kimsəyə sirr deyil. O ərazilərin bu adamlara nəyinsə qarşılığında, yaxud xüsusi tapşırıqla verildiyi və ya peşkəş edildiyi bu gün kimsəni maraqlandırmır. Sadəcə, icra başçısı Prezidentin Mingəçevirdəki səlahiyyətli nümayəndəsi kimi qeyd olunan məsələni lazımi instansiyalar qarşısında qaldırmaqla problemin çözülməsinə nail ola bilər.