Göyçay rayon Mərkəzi Xəstəxanasında və Göyçay rayon Uşaq Xəstəxanasında baş verən qanunsuzluqlar, habelə icra hakimiyyətinin korrupsiya siyasəti ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.
KAİM.az xəbər verir ki, bu barədə Göyçay rayon sakinləri Rəsulova Mətanət Rəcəb qızı, Heybətova Samirə Kazım qızı, Salahov Elçin Nazim oğlu, Qasımov Bəxtiyar Sarif oğlu, Kərimova Şəfiqə Mövsüm qızı, Umudov Rüstəm Paşa oğlu, Məhəmmədov Rəvanə Mehdi qızı, Quliyev Paşa Nəriman oğlu. Abdullayev Vaqif Əsəd oğlu və Səmədova Məryəm İlyas qızı şikayət ərizəsi yazaraq redaksiyamıza məlumat vermişdir.
Məlumata görə, bir müddət əvvəl Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyevaya, Uşaq Xəstəxanasının baş həkimi Elman Şirinova və Poliklinikanın baş həkimi Arzu Burcəliyevə işdən çıxarılmaları üçün ərizə yazdırılıb. 7 nəfər həkimə isə töhmət verilib. Sakinlər baş verənlərin səbəbini rayonda tüğyan edən korrupsiya və qanunsuzluq faktı ilə izah edirlər.
Şikayət ərizəsində Göyçay rayon Mərkəzi Xəstəxanasında koronavirusa qarşı peyvənd olunmaq istəməyənlərə pul müqabilində saxta sənədlərin verildiyini də qeyd ediblər. Xoşbəxtlikdən, hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi sayəsində bu rəzalətin qarşısı alınmışdır. Lakin, şikayətçilərin iddiasına görə, korrupsiyanın və cəmiyyətə qarşı hazırlanmış məkrli planın başında duran baş həkim Elçin Bilalovdur.
Ərizədə bildirilir ki, Elçin Bilalov Göyçay rayonun icra başçısı Mehdi Səlimzadə ilə əlbirdir və hər gün icra başçısına saxta sənədlərin satılması nəticəsində azı 10 min AZN vəsait çatır. Şikayətçilər elə bu səbəbdən icra başçısının Elçin Bilalovu qoruduğunu və məsuliyyətdən yayınmasına kömək etdiyini deyirlər. İddiaya görə, hər iki doza saxta vaksin sənədinin ayrı-ayrılıqda qiyməti 100 AZN-dir. Şikayətçilərin sözlərinə görə,cinayətin üstü açıldığı zaman yüksək vəzifəli şəxslərin prosesə müdaxiləsi nəticəsində bütün məsuliyyət tibb bacılarının üzərində qalmışdır və əsas cinayətkarlar ifşa edilməmişdir.
Göyçay rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, icra başçısı Mehdi Səlimzadənin baş həkimlərin üzərinə qoyduğu “aylıq haqq” bütün xəstəxanalarda və digər tibb ocaqlarında korrupsiyanın daha da genişlənməsinə səbəb olub.
Üstəlik, xəstəxanalarda icbari tibib sığorta pulludur və bu vəsaitin ödənilməsi də bir başa sakinlər tərəfindən həyata keçirilməlidir. Şikayətçilərin iddiasına görə, bu məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev Mehdi Səlimzadənin tapşırığı ilə 3 nəfəri işdən çıxartsa da, yüksək səviyyədə qorunan baş korrupsioner Elçin Bilalov vəzifəsində qalıb.
Təəssüf ki, xəstəxanalarda tüğyan edən rüşvətlə razılaşmayan sakinlər kobud rəftarla qarşılaşır, həmçinin səhv müayinə və müalicə ilə cəzalandırılır.
Sakinlərin bildirir ki, Elçin Bilalov koronavirusla mübarizə zamanı dövlət tərəfindən xüsusi iş rejimində çalışan tibb işçilərinin maaşlarına edilən əlavələri də mənimsəyib. Bu qanunsuzluq nəticəsində işçilərin arasında narazılıq yaranıb. Bundan başqa, baş həkim mənimsədiyi kapital hesabına Göyçay, İsmayıllı, Qəbələ rayonlarında və Bakı şəhərində bir neçə mənzilə sahib olmuşdur. Elçin Bilalovun Türkiyənin İstanbul şəhərində mənzil almasıda iddialar arasındadır. Ərizədə qeyd olunur ki, Elçin Bilalov gününü eyş-işrətlə məşğul olur və hər gün spirtli içki qəbul edib sərxoş vəziyyətdə işə gəlir.
Şikayətçilər sonda ölkə başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya müraciət edərək, yardım istəyib:
“Biz Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik ki, Göyçay rayon xəstəxanasını korrupsiya yuvası etmiş baş həkim Elçin Bilalovun fəaliyyətininin yoxlanmasına tapşırıq verəsiniz və onun barəsində ciddi tədbirlər görəsiniz.”
İddialarda adı keçən və problemin həllində maraqlı olan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
KAİM.az
Tarix: 8-11-2021, 21:02