Mingəçevir sakini Şərafət Qafarova onkoloji xəstə olduğunu və rayon xəstəxanasında onun müraciətinə baxılmadığını iddia edir. O Yeniavaz.com-a müraciətində bildirir ki, təqaüdü kəsildiyi üçün dərmanlarını ala bilmir. Kəsilən təqaüdünün bərpa olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmək istəyir. Agentliyə təqdim olunacaq sənədlərin hazırlanmasından ötrü Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedir. 4-5 aydır gedib-gəlməsinə baxmayaraq, həkim Kərim Kərimov onu get-gələ salıb, sənədlərini hazırlamaqdan boyun qaçırır. Məsələ ilə bağlı Mingəçevir ŞMX-nin Yeniavaz.com-a açıqlamasında bildirilir ki, xəstə təyin olunan vaxtlarda həkim qəbulunda olmayıb. “Mingəçevir ŞMX-dən Qafarova Şərafət Musa qızının şikayətinə əsasən bildiririk ki, vətəndaş uzun müddət onkoloji xəstə olduğunu iddia etməsinə baxmayaraq İcbati Tibbi Sığortanın həyata keçirildiyi müddət ərzində ilk dəfə 30.06.2021-ci il tarixində Mingəçevir ŞMX-nin onkoloq həkimi Musayev Süleyman Paşa oğluna müraciət edib. Daha sonra 02.07.2021, 03.07.2021, 29.07.2021, 18.06.2021-ci il tarixlərində onkoloq S.Musayevə müraciət edib, həkim xəstəni digər ixtisas həkimlərinin müayinəsindən keçməsi üçün göndəriş verib. Şikayətçi Ş.Qafarova Həkim Məsləhət Komissiyasının sədri Kərim Kərimovun adına 04.08.2021 və 10.09.2021-ci il tarixlərində qeydiyyat alsa belə, həkimin qəbulunda olmamışdır. Nəzərinizə çatdıraq ki, son bir neçə ayda Mingəçevir ŞMX-nin HMK-dən keçən xəstələrin sayı çox olduğu üçün onların Forma №088-i növbəli şəkildə portala işlənilir. Yalnız HMK-dən keçən onkoloji xəstələrin və qazilərin Forma №088-i növbəsiz portala daxil edilir. Vətəndaş Ş.Qafarovanın sənədləri bu günədək HMK-yə təqdim edilməyib”.