Ağdam Dövlət Dram Teatrında nələr baş verir? - Direktor 100 min manatı mənimsəyib?
Ağdam Dövlət Dram Teatrında böyük korrupsiya yaşanır.Bu barədə AzFakt.com-a ünvanlanan məlumatda qeyd olunur ki, teatrın direktoru Məhəmməd Hüseynov pensiya yaşına çatıb və gələn ilin əvvəlində tutduğu vəzifədən ayrılacaq. Vəzifədən ayrılmadan öncə isə Məhəmməd Hüseynov özünün rahat qocalığını təmin etmək məqsədi ilə böyük mənimsəməyə əl atıb.
Teatrdan AzFakt.com-a verilən məlumata əsasən ötən il Ağdam Dövlət Dram Teatrının maddi texniki bazasının yaxşılaşdırılması məqsədi ilə büdcədən ayrılan 100 min manat vəsaiti nəqdləşdirərək mənimsəyib.
Direktor Ağdam Dövlət Dram Teatrının maddi bazasını isə özünə aid olan videostudiyadan və evindən gətirdiyi avadanlıqlarla “yaxşılaşdırıb”. Həmçinin iddiaya görə direktor Məhəmməd Hüseynov bəzi teatrlardan silinmiş inventarları və köhnə paltarları alaraq Ağdam Dövlət Dram Teatrının maddi bazasını “zənginləşdirib”. Əldə etdiyi 100 min manatın 50 min manatını isə direktor Abşeron Gənclər Şəhərciyində aldığı mənzilə sərf edib. Yerdə qalan 50 min manata isə özünə yeni avtomobil alıb.
Eyni zamanda bildirilir ki, təqaüdə çıxmağa hazırlaşan direktor bu vaxta qədər “ölü can” olaraq saxlayıb maaş кartlarını özündə saxladığı ştatları da “satışa” çıxarıb. Qeyd edilir ki, ötən ay işə alınan yeni işçilərin sayının artması da bunun göstəricisidir. Yeni götürülən işçilərin ştatları barədə isə bu günə qədər çox az adam məlumatlı olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
AzFakt.com
Tarix: 11-11-2021, 17:04