Naxçıvanda gedişhaqqı bahalaşdı, sərnişinlər ETİRAZA QALXDI - Rəsmi heç nə yoxdur...



Dünəndən etibarən Naxçıvanda avtobus marşrutlarında gedişhaqqı bahalanıb. Bahalanma ilə bağlı əhali əvvəldən xəbərdar olunmayıb, hələlik rəsmi qərar da ictimailəşdirilməyib. Naxçıvan şəhərdaxili marşrutların qiyməti 30 qəpikdən 40 qəpiyə qalxıb, rayon, qəsəbə və kəndlərə isə məsafədən asılı olaraq, 30 faizədək bahalaşıb. DİA.AZ xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Naxçıvan şəhər sakini Murtuz Abdullayev deyir ki, bahalanma haqda əvvəldən məlumat verilmədiyindən, qiymətin bahalanmasını avtobus sürücüsündən öyrənib:
“Bu gün (18.07.2022)səhər işə gedərkən avtobusa 30 qəpik pul verdim. Sürücü dedi ki, qiymətlər bu gündən qalxaraq 40 qəpik olub. Mən etiraz etdim. Bildirdim ki, bu barədə hökumətin qərarı olmayıb. Sürücü israr etdi ki, qeyri rəsmi yuxarıdan tapşırıq var, ya 40 qəpik ödəyəcəksən, ya da marşrutdan enəcəksən. Məcbur qalıb əlavə 10 qəpik də ödədim.”
Başqa bir şikayətçi Vəli Nəbiyev isə deyir ki, qiymətlərin bahalaşmasına görə, onun olduğu avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb:
"Marşurut sürücüsü sərnişinlərə gedişhaqqının 30 qəpikdən 40 qəpiyə qalxdığını elan etdi. Sərnişinlər etiraz edərək sürücüdən gediş haqqının 40 qəpik olmasını ilə bağlı elanı yazıb avtobusa yapışdırmağı tələb etdilər. Sürücü etiraz etdi. Bu səbəbdən sürücü ilə sərnişinlər arasında mübahisə yarandı. Sürücü qiymətlərin rəsmi qalxmadığını, yuxarıların tapşırığı olduğunu bildirdi. Dedi ki, Aİ 95 markalı benzinin qiyməti qalxıb. Sərnişinlər bu avtobusların Aİ 95 markalı yanacaqla işləmədiyini bildirsə də xeyri olmadı. Sürücü sərnişinlərdən bir gediş üçün 40 qəpik aldı”.

Tarix: 19-07-2022, 08:32
Xəbəri paylaş





Xəbər lenti