İcra başçısının yanında Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib
29 avqust 2022-ci il tarixdə Tərtər rayon İcra Hakimiyyəti başçısı yanında Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib. Siam.az xəbər verir ki, müşavirədə rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin əməkdaşı Kamal Rəsulov, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədov, başçının birinci müavini Elvin Umudov, rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev və Tərtər cümə Məscidinin imamının müavini Saleh Ədilov iştirak ediblər. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müşavirəni açaraq Məhərrəm ayı ərəfəsində rayonda dini durumun vəziyyəti barədə danışıb və keçiriləcək dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə uyğun aparılmasını tövsiyyə edib. Rayon rəhbəri bildirib ki, rayon ərazisində 5 məsçid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, digər ziyarətgahlarda, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyyə olunmur. Müşavirədə rayon icra hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarına Aşura günlərində içtimai asayişin sabitliyinə nəzarəti gücləndirməyi, məscidlərdə fəaliyyət göstərən din xadimlərinə isə dini mərasimlərin təşkili zamanı öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, tədbirlərdə son dərəcə məsuliyyətli olmağı tapşırıb. Qeyd olunub ki, Aşura günlərində bütün bölgələrdə qanvermə aksiyası təşkil olunacaq, qanvermə aksiyasında iştirak etmək istəyənlər Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinə müraciət edə bilərlər.