Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Buruc
kəndində səyyar-qəbul görüşü keçirilib.Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə
sədrləri, KİV-nin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul
görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-
quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata
keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə
dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət
tərəfindən göstərilən dəstəkdən danışıb.
Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun
yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk
etməyiblər, düşmənə həmişə “göz dağı” olublar.
Rayon rəhbəri bildirib ki, bu gün də erməni silahlı birləşmələri dinc dayanmırlar. Rusiya
Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın
müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə
qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər
Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı
dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində
yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd
göstəriblər.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu
bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin
Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli
hakim yüksəkliklər nəzarətə götürülüb.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi
dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə
havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv
edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu
sayda döyüş sursatları məhv edilib.
Rayon rəhbəri Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər
tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və
təxribatın qarşısı qətiyyətlə alınacağını və əks cavab tədbirləri daha da sarsıdıcı olacağı
barədə məlumat verdiyini bildirib.
Sonra icra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər
barədə də məlumat verib.
Bildirilib ki, Buruc kəndinin 614 hektar ərazisi, 290 təsərrüfatı, 1208 nəfər əhalisi, 418
hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1
poçt, 1 ATS, 1 kitabxana, 5 ticarət və iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri
əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunurlar.
Sakinlər 632 baş iribuynuzlu, 612 baş xırdabuynuzlu heyvan, 3230 baş quş, 60 arı ailəsi
saxlayır, kümçülüklə də məşğul olurlar.
Buruc kənd tam orta məktəbin binası əsaslı təmir olunub, baramaçılığın inkişafı üçün kənd
ərazisində 2600 ədəd çəkil tingi əkilib, 1500 metr su arxları lildən təmizlənib, qaz xətlərinin
50%-yenidən çəkilərək təmir olunub, kəndarası yollar təmir olunaraq kənar hissələri
abadlaşdırılıb.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər
məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş
verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və
onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı
mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac
olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Hicran Allahverdiyeva evinə internet xəttinin çəkilməsi, Hafiz Mayılov,
Zahid Babayev suvarma arxlarının təmizlənməsi və kənarlarının genişləndirilməsi, Elşad
Cəfərov kənd qəbiristanlığına su xəttinin çəkilməsi və digər məsələlər ilə bağlı müraciət
ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildirdilər.
Tarix: 18-08-2022, 18:19