“Kimsəsizəm deyə müraciətimə baxan yoxdur”-ŞİKAYƏT
Lerik sakini evinin sürüşmədən zərər çəkdiyini, lakin təmir edilmədiyini deyir “2016-cı ildə kənddə baş verən sürüşmə nəticəsində evim qəzalı vəziyyətə düşdü. Sürüşmədən zərər çəkən digər evlər təmir olunsa da, illərdir mənim müraciətimə baxan yoxdur. Çünki kimsəsiz və kasıbam”,- bunu Meydan TV-yə Lerik rayonunun Züvüç kənd sakini Əzəbəyim Əliyeva deyib. Züvüç Lerikin ucqar kəndlərindən biridir. Rayon mərkəzindən 32 kilometr uzaqda yerləşir. Kənd Yardımlının bir sıra kəndlərilə qonşudur. Sakinlərin dediyinə görə, Züvüç kəndi sürüşmə ərazisidir. Əzəbəyim Əliyeva deyir ki, sürüşmədən sonra kənddə 4 ev yenidən tikilib: “Sürüşmənin baş verdiyi əraziylə bizim ev 7-8 metr məsafədə yerləşir. İlk zərər çəkən bizim ev olub. Bizim evi qoyub, bizdən sonraki evləri təmir ediblər”. Şikayətçi bildirib ki, 2017-ci ildən bəri Lerik Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə 15 dəfədən artıq rəsmi müraciət edib, hər dəfə də onlara ərazidə sürüşmə təhlükəsinin olmadığına dair məktub göndərilib: “Yazıblar ki, ev yaşayışa yararlıdır, halbuki evimiz kərpicdən tikilib, birmərtəbəlidir. Kənddə təxminən 150-160 ev var. Mən oğlumla birgə yaşayıram. Gündəlik çörəkpulunu güclə çıxarırıq. Evi nəinki təmir etmək, hətta çatların üstünə suvaq vurmağa imkanım yoxdur. Hər dəfə məktubda yazırlar ki, gəlib yerində baxmışıq, təhlükə yoxdur, ancaq bir dəfə də gəlib yerində baxmayıblar”. Lerik Rayon İcra Hakimiyyətindən bildiriblər ki, məsələni araşdırandan sonra münasibət bildirəcəklər. Züvüç kənd ərazi icra nümayəndəsi Qabil Hüseynov Meydan TV-yə deyib ki, evə baxış keçirilib və rəy icra hakimiyyətinə təqdim olunub. Həmin rəy əsasında qərar verilir: “Mütəxəssis rəydə necə göstəribsə, eləcə də tədbir görülür. Yəni, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən qərar qəbul edilir. Buna icra hakimiyyəti və ya kənd icra nümayəndəliyi qarışa bilmir. Rəylə bağlı ailə məlumatlandırılıb. Əgər evin qəzalı vəziyyətdə olmadığı göstərilibsə, deməli, təmir olunmalıdır, göstərilməyibsə, təhlükə yoxdur”.