Gəncənin məşhur MUSİQİLİ FƏVVARƏSİ niyə susdurulub? – Şəhərdə 26 su çiləyənin heç biri işləmir
İllər öncə Gəncə şəhərinin düz mərkəzində, Heydər Əliyev meydanında şəhəri gələn qonaqlar üçün maraqlı edən, həm də gecələr bir gözəlliyə çevrilən fəvvarələri var idi. Özü də müsiqili. Axşam saatlarında, havaların isti və boğucu zamanında həm sakinlər, həm də qonaqlar bu fontanların ətrafında toplaşır, suyun sərinliyindən, mehindən, həm də misiqidən xüsusi zövq alıırdılar.
Bundan başqa Gəncənin başqa ərazilərində də fəvvarələr fəaliyyət göstərirdi. Onlar da isti yay günlərində sakinlərin sərinləməsi və könüllərinin oxşamasına xidmət edirdi. Amma bu il Gəncə şəhərində demək olar ki, bütün fontanlar quruyub.
Yay fəsli girəndən bu fəvvarələrin işlədiyini görən olmayıb.
Görən nə baş verib? Şəhərdəki bütün fontanlar eyni vaxtda nədən quraqlığa düçar olub?
Bizim.Media-nın araşdırması zamanı məlum olub ki, şəhərin fəvvarələri Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Bütövlükdə isə şəhərdə cəmi 26 fəvvarə var.
Gəncə şəhər icra hakimiyyətindən Bizim.Media-ya bildirdilər ki, bu fəvvarələrin hamısında monitorinq aparılıb və məlum olub ki, son 10-15 ildə Gəncə şəhərində qurulan fəvvarələrdə vaxtında texniki qulluğun aparılmaması, bəzisində isə kanalizasiya xəttinə çıxışın olmaması illər keçdikcə bu qurğuların motorlarında və digər hissələrində nasazlığa gətirib çıxarıb.
Buda fəvvarələrin fasiləsiz və ya qısa müddət ərzində işləməsində problemlərə yol açır.
MKTİB-dən onu da bildirdilər ki, hazırda birlik tərəfindən şəhər ərazisində fəvvarələrin yenilənməsinə başlanılıb.
İlkin olaraq 6 fəvvarənin layihəsi FHN-nin ekspertizasından keçirilib və yaxın vaxtlarda həmin qurğuların tam müasir şəkildə yenidən qurulması və əsaslı təmir edilməsinə başlanılacaq.
Ümumilikdə isə Gəncə şəhərinin park və xiyabanlarında, eləcədə meydanlarda yerləşən, təmirə ehtiyacı olan digər fəvvarələrin də mərhələli şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Artıq fəvvarələrin yenilənməsinə start verilib. Demək ki, bu gedişlə bu il olmasa da gələn yay şəhər sakinləri qızmar yay aylarında fontanların ətrafında az da olsa sərinləyə biləcəklər. Bizim. Media