Bərdəli Şəhid Səid Ədilovun ailəsinin yaşadığı “ev”…BU BİABIRÇI DURUM ARADAN QALDIRILACAQ?
Bərdə rayonu, Cəyirli kəndi, ailənin tək oğlu Şəhid Səid Həsən oğlu Ədilovun ailəsinin yaşadığı “ev”… 3 gün öncə Bərdədə, Cəyirlidə olarkən, ocağını, ailəsini yenidən ziyarət edərkən çəkmişdim bu görüntünü, görüntüləri… Təxminən bir ay-ay yarım öncə də Şəhidimizin ailəsinin yaşadığı “evi”nin durumundan bəhs və paylaşımlar etmiş, Etikxeber.az-da tənqidi yazı yazmışdım… Allah var etsin, qarşısında bir daha baş əyirəm…böyük ürək sahibi olan SƏNƏTKARımız, Şəhid xanımı Aybəniz xanım Haşımova dərhal reaksiya vermiş, mənə elə Şəhidimizin ailəsində olarkən, gecə saatlarında zəng etmiş, Şəhidimizin ailəsi ilə də danışmış, dərdləşmiş, üzüntüsünü bildirmiş, bu biabırçı, son dərəcədə üzücü durumun aradan qaldırılması üçün müvafiq qurumlarla əlaqə saxlamışdı… İlk günlər qurumlardan, şəxslərdən…reaksiyalar, vədlər, tələm-tələsik gələn-gedən, əl-ayağa düşən olsa da, amma ötən müddətdə yenə də heç bir hərəkət, addım yoxdur… Sanki belə bir durum yoxmuş, hər şey güllük-gülüstanlıq imiş… Bir daha xatırladım ki, mart ayından bu yana Şəhidimizin yaşadığı “ev”in üstü bu vəziyyətdədir… Külək “ev”in üstünü, damını uçurub, bu hala salıb…Yağan yağış, əsən külək də “ev”in içindədir… Qarşıdan da yenə yağışlı, küləkli günlər, soyuq aylar gəlir… Şəhidimizin bala, övlad dərdli ailəsi də pərişan, naçar vəziyyətdədir…Gözləməkdən, səbr etməkdən, vəd…dinləməkdən də yorulublar, beziblər… Eyni zamanda, Şəhidin valideynlərinin həm səhhəti yerində, həm də maddi durumları yaxşı deyil… Atası ağır əməliyyatdan çıxıb, xəstə yatır… Ona görə aidiyyatı qurumlar, məsuliyyətsiz…məsul şəxslər…nəhayət, sözdən işə, əmələ keçməli, bu biabırçı vəziyyəti aradan qaldırmalıdırlar… Borclarıdır, vəzifələridir!!! FHN, Bərdə rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi…Şəhidin ruhuna, Şəhid ailəsinə olan hörmətsiz…münasibətə son qoyun artıq!!! Yetər!!! Kamil HƏMZƏOĞLU (HƏMİDOV)