Beyləqan xəstəxanasında “ölü canlar”… - Və yaxud adı ştat cədvəlində olub, özləri xəstə yatanlar…
“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nürəngiz Bəşirovanın keçmiş və hazırki qanunsuz əməlləri barədə “RealMedi.az” veb-saytında və başqa kütləvi informasiya vasitələrində indiyə qədər yetərincə tənqidi informasiyalar getsə də, o, nəticə çıxarmaq əvəzinə yenə öz ampluasındadır.
Xatırladaq ki, sonuncu dəfə saytımızda Beyləqan polisinin həyata keçirdiyi əməliyyatla xəstəxanadan xəlvət yanacaq satan oğruların cinayət başında yaxalanması barədə məlumat vermişdik. Bildirilirdi ki, azı 8 nəfərin saxlanıldığı fakt üzrə cinayət işi başlanılıb. Həmçinin sızan informasiyaya görə, prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri direktor Nurəngiz Bəşirovanın onlara sığorta pulunu, ehtiyat hissələri və əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını bildiriblər. Eləcə də qeyd olunurdu ki, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərir və artıq havadarlarına ağız açaraq onlardan kömək umub. Məlumata görə ki, N.Bəşirovanın yaxın ətrafında olan adamlar dövriyyəyə belə bir informasiya buraxıblar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktını özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veribmiş. Müşahidələr göstərir ki, bu versiyanın rəsmiləşdirilməsi üçün N.Bəşirova rayon prokurorluğu ilə “dil tapmağa” müyəssər olub.
Hərçənd, bun mövzuda qələmə aldığımız ötən məqalədə ortaya qoyduğumuz suallar hələ də cavabını tapmayıb: Əcəba, humanist bir peşənin sahibi olan N.Bəşirovanın sürücülərin oğurluq etməsinin qarşısını almaq üçün əlində başqa vasitə yox idimi? Onları xəbərdarlıq etməklə, vurduqları ziyanı ödətdirib yalnız işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Bundan başqa, bəs xəstəxanada yaratdığı xüsusi mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdənmi və yaxud çatasını daşımaqdanmı ibarətdir?
Hələ də inamımızı qırmaq, ümidimizi itirmək istəmirik ki, Azərbaycan dövləti, onun baş prokurorluğu N.Bəşirovanın havadarlarının mümkün təzyiqinə duruş gətirmək gücündədir. Beyləqan rayon prokurorluğuna “ipucu” veririk ki, belə bir xüsusatın da ətrafında araşdırma aparılsın:
Əldə etdiyimiz məlumata və həmin məlumatı təsdiqləyən müşahidələrimizə görə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının uşaq həkimi, yaşı 70-i haqlamış Qənbər Salahov xəstəlik səbəbindən iflic olub, əmək qabiliyyətini tam itirib (Allah şəfa versin). İşə çıxa bilmədiyi halda həmin şəxsin adı ştat cədvəlində gedir, onun adına tabel, əmək haqqı yazılır. Məlumata görə, xəstəxananın heyətində adı maaş cədvəlində gedib, özü işə gəlməyənlər az deyil. O da məlumdur ki, N. Bəşirova dövlətin pulunu “ölü canlara” heç də təmənnasız bağışlamır. Təsdiqini tapacağına qətiyyən şübhə etmədiyimiz bu fakt belə deməyə əsas verir ki, N.Bəşirovanın qol qoyduğu bir növ cinayətin üzə çıxması onu əsla digər növ cinayətlərindən çəkinməyə vadar etmir.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.