Biləsuvarda əkin sahələri susuz qalıb, qıtlığa səbəb ola bilər - fermerlər DAD DEYİR...
Biləsuvar rayonunda əkin sahələrində su qıtlığı yaranıb.
Siam.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna fermerlər məlumat verib.
Onların sözlərinə görə, sahələrdə təkrar əkin aparılıb. Lakin mövsümi suyun olmaması problemlər yaradıb:
"Bitkilərin əsas vegetasiya dövründə suyun olmaması, məhsuldarlığa ciddi təsir göstərə bilər. Bu da kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb ola bilər. Görürsüz ki, biz necə çətin vəziyyətdə bitki yetişdiririk. Keçən il yenə su var idi. Bu il vəziyyət daha pisdir. Suyumuz bol olsa, məhsulda bol olar. Hər kəs əkər, ucuzluq olar".
Fermerlər problemdən digər çıxış yolunu tapıblar. Onların sözlərinə görə, çıxış yolu artezian quyularının qazılmasıdır.
Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsi "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, əkin sahələrində susuzluğun yaranmasına səbəb Araz çayında suyun səviyyəsinin aşağı düşməsidir: "Araz çayında suyun səviyyəsi artarsa, bu ərazilər su ilə təmin olunacaqdır".