Tərtərin rayon rəhbərliyi vətəndaşları dinləyib...
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. SİAM.AZ xəbər verir ki, qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə təmin olunma, maddi yardım, həyətyanı torpaq sahəsi ilə təmin olunma, pay torpaq sahəsinin yerinin düzgün verilməməsi, Borsunlu kəndində quraşdırılan suvarma nasosunun elektrik energisi ilə təmin olunması, suvarma suyu ilə təminat, müalicə olunmaq üçün köməklik və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub. Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.