Ağcabədidə müəllim direktoru rüşvətxorluqda ittiham edir, direktor razılaşmır


Ağcabədi rayonu Hindarx qəsəbə sakini Zöhrab Hüseynov iddia edir ki, qəsəbənin Uşaq Musiqi Məktəbinin direktoru İlkin Ağalarov müəllimlərin dərs saatlarını artıq yazaraq pul mənimsəyir.
Yeniavaz.com xəbər verir ki, Z. Hüseynov Toplum TV-yə açıqlamasında haqsızlıqla üzləşdiyini bildirib:
“10 ildir musiqi məktəbində tar müəllimi işləyirəm və 10 ildir ki, 24 saat dərslə təmin olunmuşam. İndi məktəbin direktoru İlkin Ağalarov deyir ki, sənin dərs saatın 7 və ya 8 saat olacaq. Səbəbini soruşduqda isə Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovun müəllimlərin dərs saatlarının azaldılması ilə bağlı göstəriş verdiyini deyir. Qalib Həsənov keçmiş icra başçısı Şamil Həsənovun oğludur.
Mənim kredit borcum var. 7-8 dərs saatı ilə kreditlərimi necə ödəyim, normal yaşayışımı necə təmin edim?”
Şikayətçi deyir ki, musiqi məktəbinin direktoru İlkin Ağalarov müəyyən müəllimlərə əlavə dərs saatları yazıb, pullarını isə özü mənimsəyərək korrupsiyaya yol verir.
“Qalib Həsənovun  qəbuluna gedib bildirdim ki, direktor müəyyən müəllimlərə 32, 36 saat dərs yazıb, pulunu isə özü götürür. Bildirdim ki, nəyə görə direktor həmin dərs saatlarını azaltmaq əvəzinə bizimkini azaldır. Qalib Həsənov şikayətimi dinləsə də, qulaq ardına vurdu. Mən də sübut üçün artıq dərs saatı yazılan müəllimlərdən birinin səsini yazdım. Əlimdə sübutum var. Həmin müəllimin maaş kartını direktor özündə saxlayıb. Müəllim ona 36 saat dərs yazıldığından xəbərsiz olub. Direktor artıq yazdığı dərs saatlarının pulunu da özü mənimsəyib. Hətta direktor öz anasına belə yüksək dərs saatı yazıb”.
Adı hallanan Uşaq Musiqi Məktəbinin direktoru İlkin Ağalarov ittihamları rədd edərək deyilənlərin yalan olduğunu bildirib: “Yüksək dərs saatları olan bir neçə müəllimimiz olub. Nazirliyin qərarı ilə musiqi məktəbinə gəlməyən şagirdlər məktəbdən xaric edilməli idi. Biz də dərsə gəlməyən şagirdləri məktəbdən kənarlaşdırdığımız üçün təkcə Zöhrab müəllimin yox, içi mən qarışıq bütün müəllimlərin dərs saatını azaltdıq. Hər bir müəllimin maaş kartı özündədir. Zöhrab müəllim dediklərini sübut etsin. Əgər əlində sübutu varsa, məhkəməyə müraciət etsin”.
Tarix: 7-09-2022, 22:06
Xəbəri paylaş





Xəbər lenti