Alı Alıyevin rayonunda sahibkarı BELƏ ƏZİRLƏR... - NARAZILIQ VAR!


Füzuli rayonunun Araz Dilağarda kənd sakini Xəyyam Həsənov sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Daha doğrusu, məşğul idi. Ta ki məmur özbaşınalığı ilə qarşılaşana qədər.

Xəyyam Həsənov KİV-ə müraciət edərək bildirib ki, ona məxsus olan 20 hektar torpaq sahəsi əlindən alınaraq külli miqdarda ziyan vurulub: “Haramı ərazisində aqropark yaradılması ilə əlaqədar mənim fermamı, tikilimi dağıtdılar, ağaclarımı məhv elətdirdilər. Qoyun-quzum, mal-qaram tərk oldu. Təsərrüfatımı ərazidən köçürtdülər. 2016-cı ildə 7 hektar sahədə pambıq əkmiş, 16-17 ton maşınla yığılmış məhsul təhvil vermişdim. 2017-ci ildə 17 hektarda əkdiyim pambıq əkinini dağıtdılar. Bir elə vəsait sərf eləyib əziyyət çəkmişdim. “Füzuli Aqropark”ın məxsus olduğu “Natural – Aqro” MMC-nin direktoru İlham Hacıyev şumlatdırıb qatdı ərazisinə. O vaxt baş verənləri əks etdirən video-çəkilişlər, hal şahidləri var. Pambıq məhsulu batdı. Beyləqan pambıq zavodu (“MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı – red.) boynuma 7000 manat borc öhdəliyi yüklədi. Zavodun direktoru Rəşid müəllim mənə dedi ki, icra hakimiyyətindən zavoda məktub gəlib, mənə veriləsi vəsaitin dayandırılması tapşırılıb. Özüm cibimdən 3000 manatdan yuxarı fəhlələrə məvacib ödəmişdim. Torpağa görə 20 min manat kompensasiya hesablamışdılar, onun da yalnız 2 min manatını “Natural – Aqro” MMC-nin sabiq direktoru rəhmətlik Adil müəllimin idarəçiliyi vaxtında kartıma köçürmüşdülər. Qalanının nağd şəkildə ödəniləcəyini demişdi. Adil müəllim vəfat edəndən sonra vəzifəyə gələn İlham Hacıyev MMC-nin rəhbəri Natiq Quliyevin qohumu və həmyerlisidir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mənə icazə verdi ki, hələlik mənə yer verilənənədək həmin o yerdə əkin əkə bilərəm. Mən də o dediyi kimi elədim. Başçının razılığını alandan sonra həmin yerə arx çəkdirib şumlatdım. İlham Hacıyev gəlib iş görməyimə mane oldu. Başçıdan icazə aldığımı dedim. Sahə inspektoru Sahib müəllimə zəng vurdum. Xeyri olmadı. İlham mənimlə aqressiv davrandı. Mənə və başçının ünvanına söyüş də söydü, hədə-qorxu gəldi…”

Hüquqları tapdalanmış, ziyana düşmüş sahibkarın başına gələnlər yalnız bundan ibarət deyil. Avqustun 4-nə keçən gecə saat 01:30 radələrində onun VAZ 21015 markalı maşını yanıb. Hesab edir ki, yandırılıb. Şübhələndiyi şəxs isə onunla konflikdə olan İlham Hacıyev və onun sifarişini yerinə yetirən əlaltılarıdır. Hadisə yerinə polis, sonra da FHN əməkdaşları gəlib.

Xəyyam Həsənov deyir ki, yuxarı instansiyalara çoxsaylı müraciətləri nəticə verməsə də, ən nəhayət, son günlərdə Prezident Administrasiyasında vəzifəli şəxslə görüşəndən sonra RİH başçısı Alı Alıyev və sahə inspektoru Sahib müəllim onu çağırıb vaxtilə pambıqçı qadınlara əmək haqqı xərci çəkdiyi 3500 manat pulu akt tərtib edərək veriblər. Amma zavoda borclu göstərildiyi 7000 manat və torpağın əvəzinə verilməli olan 18000 manatdan xəbər-ətər yoxdur.

Sahibkar həmçinin bildirib ki, adını çəkmək istəmədiyi bir nəfər ona İlham Hacıyevin onu təxribata çəkmək istədiyini, şərləyib tutdurmaq istədiyini deyib və ehtiyatlı olmağı məsləhət görüb. Xəyyamın verdiyi məlumata görə, Aqroparkın ərazisinə düşən torpaq sahiblərindən 4 nəfər məmur olduğu üçün kifayət qədər yuxarı məbləğdə kompensasiya alıb ərazini tərk ediblər: “Daha 6 nəfər də torpağını Aqroparka sərfəli qiymətə satmaq üçün dayanıblar. Aralarında yəqin məni zəif bənd hesab etdikləri üçün üstümə gəlirlər. Amma mən mübarizəmi sonadək davam etdirəcəyəm və inanıram ki, səsimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə çatdıra biləcəyəm”.

P.S. Füzuli də – Alı Alıyevin başçılıq etdiyi bir rayonda həngamə bitmir ki, bitmir.
Adları çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
//RealMedia.az//




Tarix: 12-09-2022, 10:42
Xəbəri paylaş





Xəbər lenti