Ucarın Şahlıq kənd sakinləri susuzluqdan əziyyət çəkirlər
Rayon İcra Hakimiyyəti və Bələdiyyə vətəndaşlara kömək etmir…Ucar sakini Allahverdi Səlimovun Hurriyyet.az-a verdiyi məlumata əsasən, rayonun Şahlıq kəndinin sakinləri acınacaqlı vəziyyətdə yaşayırlar:"İçməyə bir damcı suları yoxdur. Bu kəndin icra nümayəndəliyi, bələdiyyəsi niyə bu insanların dərdinə əlac etmirlər? İnsanlar, körpələr, heyvanlar, əkin sahələri, ağaclar və s. susuzluqdan yanır. Ola bilsin ki, İcra Hakimiyyətinin balansında həmin vəsait yoxdur, amma İcra Hakimiyyətinin borcu prezidentin regionda təmsilçisi kimi, müvafiq qurumları kəndin problemini həll etməyə sövq etməkdir".
Şikayətçi sözügedən kənddə 14 qazi ailəsinin yaşadığını deyir:
"Həmin kənddə 14 qazı ailəsi yaşayır. Bir çox ailələrdə körpələr var”.A.Səlimovun verdiyi məlumata əsasən, kənd əhalisi hazırda acınacaqlı durumda yaşayırlar.
Məlum şikayətlə bağlı İcra Hakimiyyəti və Bələdiyyə ilə əlaqə saxlamağa çalışdıq. İcra Hakimiyyətindən zənglərimizə cavab verən olmadı.
Bələdiyyə sədri Xeyrəddin Abbasov isə bildirdi ki, 08.09.2022-ci il tarixində Şahlıq kəndində olub, vətəndaşlarla görüşüb: “Bəli, şikayətlər var, 1 həftədir kəndin aşağı hissəsində su qıtlığı var idi. Əlbəttə, bu vəzifəyə bizləri məshəhət görüb seçiblərsə, çalışıb insanlara kömək etməliyik. Borcumuzdur. Bilirik ki, su qıtlığı respublikada yaşanır. Kəndlərdə olan su qurğularımızla sakinlərə 20 krant vasitəsilə su paylanılır. Bu krantların ara məsafəsi də yaxındır. Bu gun mən və icra nümayəndəsindən bir nəfər bu işlə məşğul olmuşuq. Bu problem artıq yekunlaşmaq üzrədir. Yağış yağması nəticəsində çaylarda su artıb və vəziyyət düzəlir. Nə vaxt istəsəniz, gəlib çəkilişlər apara bilərsiniz. Nəzərinizə çatdırım ki, bizim su 50 kilometrdən - Türyan çayından gəlir. Problem aradan qaldırılıb, şikayət şişirdilib. Su qıtlığı olmasına baxmayaraq, cənab başçının tapşırığı ilə bu problem həllini tapdı".
Tarix: 13-09-2022, 22:31