Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə
orqanlarının rəhbərləri ilə birlikdə Ələsgərli kəndində şəhid Şahbazov Ruslan Mahir
oğlunun və şəhid Qasımov Azər Yaqub oğlunun ailələri ilə görüşüb, onların
problemləri və qayğıları ilə maraqlanıb.Görüşdə rayon rəhbəri Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində
törətdiyi genişmiqyaslı təxribatlardan, bu təxribatların qarşısının alınması zamanı
Azərbaycan Ordusunun şəhidlər verməsindən söhbət açıb. Qeyd olunub ki, 44
günlük Vətən müharibəsində qazanılan şanlı zəfər kimi yenə də Azərbaycan əsgəri
düşmənə layiqli cavablar verir. İcra başçısı 44 günlük Vətən müharibəsində tərtərli
oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən də söhbət açıb, hər birinin qısa, lakin
mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən
gənclərin qəhrəmanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid
oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.
Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng
quruculuq işlərindən söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham
Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə
diqqət və qayğı ilə yanaşır.
Qeyd edək ki, şəhid Şahbazov Ruslan 1991-ci il iyulun 14-də Tərtər
rayonunun Ələsgərli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri kimi
Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda döyüşüb. O, 2020-cil
sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun
Ələsgərli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası
zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham
Əliyevin müvafiq Sərəncamlarına əsasən Ruslan Şahbazov ölümündən
sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qasımov Azər Yaqub oğlu isə 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun
Yenikənd kəndində anadan olub.
Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi
və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər
Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun
Yenikənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası
zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham
Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra "Vətən
uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
O, ailəli idi, 4 övladı yadigar qalıb.
Şəhid valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlqılarını bildiriblər.
Tarix: 15-09-2022, 22:20