Tərtərin Xoruzlu kəndində 432 şagird yerlik məktəb binası istifadəyə verilib



Sentyabrın 15-də Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbi üçün inşa edilən 432 
şagird yerlik bina istifadəyə verilib. Məktəb binasının tikintisi Prezident İlham Əliyevin 
“Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı 
tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılıb.
Məktəb binasının açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 
Müstəqim Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, 
təhsil işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində şəhidlərin 
xatirəsinə inşa olunmuş abidəni ziyarət edib, önünə tər gül-çiçək düzüblər.
Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik 
sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, müəllim, 
şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə 
verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, 
təhsil sahəsində əldə olunan uğurlardan, Prezident İlham Əliyevin və Birinci vitse-
prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən danışıb.
Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan 
M.Məmmədov, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan 
Qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də söz açıb. Məktəbliləri yaxşı 
oxumağı, elmə, biliyə daha dərindən yiyələnməyi, milli ruhda böyüməyi, Vətəni 
sevməyi, ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq 
gənclər kimi yetişdirməyi tövsiyə edib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov müəllim və şagirdləri 
məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən 
önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının qücləndirilməsinə yönəldilən 
mühüm tədbirlərdən söz açıb.
G.Əbdülov pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri 
biliklərə daha əzmlə yiyələnməyə çağırıb. Bildirib ki, dövlətimizin daha da qüdrətli 
olması üçün güclü təhsilə sahib olmaq önəmlidir. Bunun üçün çalışqanlıq, əzmkarlıq, 
dürüstlük, qətiyyət, xalqa sevgi, dövlətə sədaqət kimi mənəvi dəyərlər daim zehin və 
ürəklərimizdə olmalıdır.
Tədbirdə məktəbin direktoru Elşən Səfərov, XI sinif şagirdi Tacirə Məmmədova, kənd 
ağsaqqalı Mayıl Alışov, Şəhid atası Əhliman Hüseynov, şəhid bacısı Nailə 
Məmmədova da çıxış edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə 
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məktəbin tikintisində əməyi olanlara fəxri fərman və hədiyyə verilib.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 
Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət məktəbdə sinif otaqları, kimya, biologiya və 
fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, 
informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron 
kitabxana, yeməkxana, inzibati otaqlar otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, 
havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbin həyətində 
hasar çəkilib, tamet və asfalt örtük döşənib, abadlıq işləri aparılıb, nəzarət buraxılış 
məntəqəsi, şəhidlər abidəsi, qazanxana, nasosxana, transformator yarımstansiyası, 
generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu 
qazılıb, işıqlandırma dirəkləri basdırılıb.
2022-2023-ci tədris ilində təhsil müəssisəsində 477 şagird, məktəbəhazırlıq qrupunda 
isə 30 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 43 nəfər pedaqoji işçi çalışır.

Tarix: 15-09-2022, 22:41
Xəbəri paylaş





Xəbər lenti