İcra başçısının Ələsgərli kəndində səyyar qəbul-görüşü keçirilib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Ələsgərli 
 kəndində səyyar qəbul-görüşü keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət 
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd 
sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə 
ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı sentyabrın 13-də Ermənistan Silahlı qüvvələrinin 
Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində 
törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman Azərbaycan Ordusundan 
42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçunun şəhid olduğunu bildirib, 
şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib. 
Qəbul zamanı öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər 
haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 
diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-
quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün 
həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan 
Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və 
qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər 
barədə də məlumat verib.
Bildirilib ki, Ələsgərli  kəndinin 372 hektar ərazisi, 290  təsərrüfatı, 1187 nəfər 
əhalisi, 255,58 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq 
bağçası, 1 poçt, 1 ATS, 1 kitabxana, 1 ticarət obyekti fəaliyyət göstərir. Kənd 
sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su  ilə 
təmin olunublar.
Sakinlər 404 baş iribuynuzlu, 827 baş xırdabuynuzlu heyvan, 7165 baş quş saxlayır, 
kümçülüklə də məşğul olurlar.
Ələsgərli kəndində son üç ildə 3 ədəd subartezian quyusu qazılıb, 1000 metr su arxı 
lildən təmizlənib,  kəndin mərkəzi yoluna asfalt örtüyü salınaraq kənar hissələri 
abadlaşdırılıb.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və 
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin 
sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən 
danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər 
kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə 
işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Rafiq Əliyev yeni subartezian quyusunun qazılması, işıq 
naqillərinin sip kabellə əvəzlənməsi, Məhəmmədəli Məmmədov elektrik dirəklərinin 
dəyşdirilməsi və kəndin su arxına qapı qoyulması və digər məsələlər  ilə bağlı 
müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, 
rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 15-09-2022, 22:47
Xəbəri paylaş





Xəbər lenti