KTMT rəsmisi kimi təhdid edir: «Qılıncımızı hələ qından çıxarmamışıq»



«KTMT hələ ki, qılıncını qınından çıxarmayıb və Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyəti sülh yolu ilə həll etməyə çalışır".
Ovqat.com-un məlumatına görə, Paşinyanın çağırışı ilə İrəvana gələn KTMT missiyasının qabaqcıl qrupunun rəhbəri Anatoli Sidorov TASS-a açıqlamasında belə deyib.
Bildirilir ki, Sidorov həm Ermənistan-Azərbaycan sərhədində, həm də Tacikistan-Qırğızıstan sərhədi zonasında KTMT üçün xoşagəlməz vəziyyət yarandığını vurğulayıb: “Eyni zamanda bizim nizamnaməmizdə də, sənədlərimizdə də, Kollektiv Təhlükəsizlik Müqavilənin özündə də siyasi və diplomatik üsullara üstünlük verildiyi yazılıb. Hesab edirəm ki, bu istiqamətdə apardığımız işin həm burada, həm də Mərkəzi Asiya regionunda böyük perspektivləri var”.
Qrup rəhbərinin sözlərinə görə, bu günün əsas vəzifəsi ərazilərə, toqquşmaların baş verdiyi yerlərə, yaşayış məntəqələrinə, atəşə məruz qalmış erməni tərəfinin bölmələrinin mövqelərinə baş çəkmək idi. «Biz mümkün qədər obyektiv olmağa çalışırıq, ona görə də faktlar üzərində işləyəcəyik, hər hansı bir nəticədən danışmaq hələ tezdir və ümumiyyətlə, bu, işin nəticələrinə dair məlumatlar ümumi hesabata daxil ediləcək", - Sidorov dedi.
Qeyd edək ki, sentyabrın 17-də KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupu Azərbaycanla sərhədə bitişik bir neçə rayonda vəziyyətin monitorinqini keçirib.
“Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri hava hücumundan müdafiə bölmələrindən birinin ərazisində atəşə tutulmasının nəticələrini nümayiş etdiriblər. Missiya həmçinin artilleriya mərmisinin vurulması nəticəsində yaşayış binasının zədələndiyi Sünik rayonunun Gorus şəhəri və Akner kəndinə də baş çəkib. Qeyd olunur ki, KTMT missiyasının qabaqcıl qrupunun üzvləri Rusiyanın 102-ci hərbi bazasının bölmələrindən birinin yerləşdiyi yerə də baş çəkib.
Baza komandanlığı qrupa dislokasiya proseduru, bölməyə həvalə edilmiş əsas vəzifələr və Ermənistan Silahlı Qüvvələrinin hərbi komandanlıq və idarəetmə orqanları və yerli idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə tanış olub», - qurumun rəsmi saytında bu barədə bildirilir.
Xatırladaq ki, sentyabrın 14-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında qurunun xüsusi missiyasının Ermənistana göndərilməsi barədə razılıq əldə olunmuşdu.
Maraqlıdır ki, KTMT-nin qabaqcıl missiyası ilə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri eyni günə düşmüşdü. ABŞ rəsmisinin İrəvana gəlişindən xeyli həvəslənən Ermənistan analitikləri Rusiyadan və KTMT-dən üz döndərib Qərbə yönəlmək təkliflərini açıq-aşkar dilə gətirdiyi halda qurumun qabaqcıl missiyasının rəhbəri Sidorov Azərbaycanı təhdid edərcəsinə «qılınclarını hələ qından çıxarmadıqlarından» dəm vurur. Görünür, unudur ki, KMTM-nin aparıcı gücü sayılan Rusiyanın qılıncı Ukraynada artıq qırılıb. Əslində Ermənistanın da ABŞ-a və Qərbə yönəlməsi bunun nəticəsidir. Moskva bunun əksini sübut etmək üçün ilk növbdə öz «qırıq qılıncını» Ermənistanda bərpa etməlidir. 
Siam.az
Tarix: 18-09-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti