Tovuzda tarixi abidələrin yerləşdiyi ərazi hərraca çıxarılıb? – “Rəhmətə gedən bələdiyyə sədrinin imzası ilə...”




“Kəndimizin Qala düzü adlanan ərazisində yerləşən tarixi abidələr bir neçə ildir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən, rəhmətə gedən bələdiyyə sədrinin imzasından istifadə edilərək, saxta hərrac yolu ilə satılıb”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Tovuz rayonundan redaksiyamıza göndərilən məktubda bildirilir.
Həmin müraciəti kiçik ixtisarlarla təqdim edirik: “Şəhərgah” abidə kompleksi Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarıyla yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb və inventar nömrəsi - 6045, 6046 və 6050-dir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları qeyd olunan ərazidə araşdırma aparan zaman orada orta əsrlərə aid yaşayış evi tapılıb. Ancaq daha sonra bu tarixi abidələr saxta yollarla Mirzəyev Həsən adlı şəxsə satılıb. Guya hərrac komissiyasında torpaq müsabiqəsi keçirilib və müvafiq qərar qəbul olunub. Bu barədə əlimizdə rəsmi, lakin saxta məzmunlu məktub da var. Çoxsaylı şikayətlərimizdən sonra, Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun təsiri altından çıxa bilməyən, aidiyyəti qurumlar həmin tarixi abidələrin indi də Süleymanova Rasimə İsgəndər qızına məxsus olduğunu bildirirlər. Tovuzçay su anbarının kənarında yerləşən bu ərazidə ictimai iaşə obyektlərinin inşası nəzərdə tutulub. Ərazidə çəpərləmə işləri aparılıb və ağır texnikalarla abidələrin bir qismi dağıdılıb.

Həmçinin nəzərənizə çatdırmaq istəyirəm ki, Tovuz rayon Vahidli kənd Bələdiyyəsinin sədri Sədi Rüstəmov əvvəlcə kəndin ərazisindəki bütün torpaqları öz yaxın qohumlarının adına keçirib. Həmin ərazilərin birbaşa kənar şəxslərə satılması mümkün olmadığına görə, o, həmin torpaqları saxta kadastr sənədləri ilə rayonun imkanlı şəxslərinə satıb. Bu alqı-satqılar barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Şöbəsinə hesabat verilməyib. Çünki banka heç bir rüsum ödənilməyib.
Mən bu işin Respublika Baş Prokurorluğunda araşdırılmasını, tamahkarlıq məqsədilə abidələrimizi məhv edən Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və Vahidli Bələdiyyəsinin sədri Sədi Rüstəmov barəsində müvafiq tədbir görülməsini xahiş edirəm”.
Qeyd edək ki, bu barədə Tovuz Rayon İcra Hakimiyyətindən “AzPolitika.info”-ya bildirildi ki, sözegedən ərazi heç kimə satılmayıb və deyilənlər əsassızdır.
Tarix: 23-09-2022, 21:40
Xəbəri paylaş





Xəbər lenti