İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Şəhid Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər


İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Vətən müharibəsində 
qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN-in Daxili Qoşunlarının 
hərbi qulluqçusu, çavuş Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər. 

Rayonun Qulubəyli kəndində baş tutan görüşdə şöbə əməkdaşları əvvəlcə 
şəhidimizin böyüyüb boya-başa çatdığı evdə olublar, ailə üzvlərinin qayğıları ilə 
maraqlanıblar. Daha sonra isə şəhid hərbi qulluqçunun məzarını ziyarət olunub, 
önünə əklil qoyulub, çiçək dəstələri düzülüb.
Həmçinin şöbə əməkdaşları eyni kənddə anadan olan və 1990-cı illərdə 
mənfur düşmənlərimizə qarşı mərdliklə vuruşaraq Hadrut rayonunun Şaqax 
kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan şəhid polis əməkdaşı, Milli 
Qəhrəman İmamverdi Əliyevin məzarını da ziyarət ediblər. Vətən oğlunun 
məzarının önünə gül-çiçək dəstələri düzən polislər, onun əziz xatirəsini ehtiramla 
yad ediblər.
Şəhid ailələri ilə görüşdən sonra polis şöbəsinin kollektivi torpaqlarımızın 
azadlığı uğrunda canlarından keçən vətən övladlarının əziz xatirələrinə həsr 
olunmuş ağacəkmə aksiyasında iştirak ediblər. Əvvəlcə əməkdaşlar tərəfindən əkin 
üçün lazım olan quyular qazılıb, daha sonra rayonun iqlim şəraitinə daha uyğun və 
dözümlü olan şam ağacları əkilib. Bundan əlavə, ağacların küləkdən qorunması və 
normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
Tarix: 27-09-2022, 14:57
Xəbəri paylaş





Xəbər lenti