Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü
Umudlu kənd tam orta məktəbində keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının
rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat
verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında
respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial
durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən
müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş
ziyandan, Sentyabrın 13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın,
Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan, şəhid və qazi
ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı Umudlu kəndi haqqında da məlumat verərək bildirib ki, kənd Milli Məclisin 25 avqust
1992-ci il tarixli qərarı ilə keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilib. 1992-ci il fevral
ayının 28-də erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Hazırda 396 təsərüfatı, 1291 nəfər
əhalisi olan kəndin sakinlər ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıblar.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər
məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək
yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından
da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə
güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Sakinlərindən şəhid anası Svetlana Ərəbova məskunlaşdığı evin təmiri, şəhid anası Qənirə
Abbasova əkin üçün torpaq sahəsinin ayrılması, şəhid atası Şamil Abbasov işlə təmin olunması,
Şakir Ərəbov şəhid bulağının ətrafının genişləndirilməsi və abadlaşdırılması, Xuraman Axundova
oğlunun işlə təmin olunması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri
tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 29-09-2022, 23:01