Yevlaxda şəhidin adına olan küçənin vəziyyəti - Fotolar


Yevlax rayonunun Gülövşə kəndinin bir qrup vətəndaşı, eləcə də adı kəndin əsas küçəsinə verilən şəhid Əsgər İsmayılzadənin atası Bəxtiyar İsmayılov uzun illər yaşadıqları kənd yollarının bərbad olmasından şikayətçidirlər.

Onlar bu barədə Yeniavaz.com-a müraciətlərində bildiriblər.
Kənd sakinləri deyir ki, bu kənddə 1711-dən çox ailə yaşayır, 378 təsərrüfat obyekti var. Yevlax rayonunun ən böyük kəndi sayılır. Kəndin 9 şəhidi və bir itkini var. Onlar bildirib ki, şəhidin xatirə lövhəsi vurulan, şəkli asılan küçə bərbad haldadır.
Sakinlər deyir ki, öz imkanları daxilində yola bir-iki dəfə daş-çınqıl tökdürüblər. Payız-qış aylarında palçıqdan, yayda isə toz-dumandan əziyyət çəkən sakinlər onu da bildirdiblər ki, dəfələrlə müraciətləri olsa da, onların problemləri ilə maraqlanan olmayıb.
Kənd sakini Ruhani Cəfərov deyir ki, bu yol kənd qəbirstanlığına gedib çıxır:
“Tez-tez şəhidlərimizi ziyarət üçün qəbirstanlığa gedirik. Amma çox çətinliklə gedib çıxa bilirik. Bu yolu nə avtomobillə, nə də piyada keçmək mümkündür. Ümumiyyətlə, kəndin içəri yolları da bərbad gündədir. Hec olmasa, əsas küçəni təmir etsinlər ki, gediş-gəliş normal vəziyyətə düşsün”.

Şəhidin atası Bəxtiyar İsmayılov deyir ki, 44 günlük Vətən müharibəsində bu kənd 3 şəhid verib, onlardan biri də onun oğludur:
“Bu yol problemi ilə bağlı dəfələrlə müraciətimiz olub, bizə deyilib ki, müraciətlər çoxdur, baxılacaq. Qarşıdan qış ayları gəlir, nə vaxt baxılacaq? Heç olmasa, şəhidlərə hörmət etsinlər, biz sakinlər çətinliyə öyrəşmişik”.

Məsələ ilə bağlı Gülövşə kənd bələdiyyəsinin sədri Sahil Allahverdiyevlə əlaqə saxladıq. O bildirdi ki, kənd yollarının asfaltlanması 2023-cü ilin dövlət proqramına salınıb.





Tarix: 8-10-2022, 15:03
Xəbəri paylaş





Xəbər lenti