Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinin Təzəkənd kəndində keçirilib.Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları məktəbdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin şəkillərindən ibarət fotositentin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı sentyabr ayının 12-13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan danışıb, Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini bildirib, şəhid olan hərbiçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib.
Rayon rəhbəri Azərbaycan Respublikası Prezidentinin Astanada Pakistan baş naziri Şahbaz Şəriflə görüşündəndə danışıb. Bildirib ki, həmin görüşdə ölkə rəhbəri Ermənistan tərəfindən siyası iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsinin imzalana biləcəyini deyib.
Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Təzəkənd kəndinin 360 hektar ərazisi, 218 təsərrüfatı, 895 nəfər əhalisi, 241 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 3 ticarət obyekti, 1 iaşə obyekti, 2 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunublar.
Sakinlər 520 baş iribuynuzlu, 630 baş xırdabuynuzlu heyvan, 4600 baş quş, 80 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar.
Təzəkənd kəndində son üç ildə 1 ədəd subartezian quyusu qazılıb, 1 ədəd yeni qazılmış subartezian quyusundan küçələrə içməli su çəkilib, 1000 metr su arxı lildən təmizlənib, 1000 metr məsafədə kəndarası yol cari təmir olunub, kənarları abadlaşdırılıb, 300 ədəd müxtəlif növ ağaclar əkilib.
Rayon rəhbəri sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Rəşid Məmmədov içməli su üçün istifadə olunan subartezian quyusunda limitin artırılması, Eldəniz Ələsgərov kəndarası yolların asfaltlanması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 14-10-2022, 10:57