Tərtər İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri ilə birlikdə rayonun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun ailəsində olub, şəhidin ikinci ildönümü ilə əlaqədar ailə üzvlərinə baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.
Siam.az bildirir ki, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub. İsmayıllı Şamil Kamil oğlu 1993-cu il yanvar ayının 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2013-cü ildən 2020-ci ilədək Azərbaycan Ordusunda qulluq edib, aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubleyi medalı ilə təltif olunub. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub və oktyabrın 20-də doğulub boya-başa çatdığı kənddə dəfn olunub. Özündən sonra 2 qız balası yadigar qalıb. Ölümündən sonra həmyerlimiz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
***
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhidlərin ikinci ildönümü ilə əlaqədar onların ailələrini ziyarət etməyi davam edir. Rayon rəhbəri növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəlbəcər rayonundan məcburi köçkün, rayonun Şıxarx qəsəbəsində məskunlaşmış şəhid Məmmədov Elşən Dağıstan oğlunun ailəsində olub, onlara baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub. Məmmədov Elşən Dağıstan oğlu 1996-ci ilin fevral ayının 6-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub, 44 günlük Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Respyblikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!