Astarada qəzalı evdə yaşayanların şikayəti və ona cavablar…
Dağ ətəyində yerləşən Astara rayonunun Sığaloni kəndinə rayon mərkəzindən gedən yol beş yaşayış məntəqəsinin ərazisindən keçir. Yol enişli-yoxuşlu olsa da, asfalt döşənib. Amma Sığalonidən başqa yaxın ərazidə yerləşən kəndlərin hamısı qazlaşdırılıb. Sığalonidə isə insanlar odundan və başqa alternativ vasitələrdən istifadə edərək evlərini qızdırırlar. Kəndin digər problemi torpaq sürüşməsi ilə bağlıdır. Orada deyilənə görə, hər il torpaq sürüşür. Sonuncu torpaq sürüşməsi nəticəsində bir ev tamamilə dağılıb.
“Torpaq sürüşəndə evi tərk edirik”
Evin divarında çatlar aydın görünür. Divarları əyilib. G.Mirzəyevanın sözlərinə görə, torpaq yuxarıdan sürüşür: “Torpaq sürüşəndə evdə hiss edirik, evi tərk edirik. Ev qabağa gedir. Yuxarıda torpaq sürüşməsi nəticəsində yarağanlar əmələ gəlib. Orada naringi bağı salıblar, ona görə də torpaq tədricən sürüşür. Ailələr var ki, torpaq sürüşməsinə görə kənddən köçüb. Kömək yoxdur. Nə etsinlər?”. O, 52 yaşının olduğunu, amma işsiz olduğunu bildirir: “Kənddə iş yoxdur, torpaq da tələbatımızı ödəmir. Qızım əllilik alır, 120 manat. Kənddə kömək edənlər də olur. Ev tikmək mümkün deyil”.
“Ev qəzalı vəziyyətdədir, kim sığorta edər?”
G.Mirzəyeva evin siğortasının olmadığını deyir: “Hər gələn məndən çıxarış istəyir. Kənddə az adam var ki, çıxarışı olsun. Deyirlər ki, evi sığorta elə. Kənddə kimin evi sığortalıdır? Ev qəzalı vəziyyətdədir, kim sığorta edər?”. G.Mirzəyevanın qonşusu Mübariz Vəliyev: “Gülcahanın əri beş il bundan əvvəl rəhmətə gedib. Heç kimi yoxdur, kasıbdırlar. Evi də qəzalı vəziyyətdədir. Kənd yolu evinin yaxınlığından keçir. Maşın yoldan keçəndə evi silkələnir. Hər an təhlükə ola bilər. Bu yerlər sürüşmə zonalarıdır. Onun qonşusu Təcrübə Hacıyevanın evi sürüşmə nəticəsində dağıldı. Dövlət onun üçün ev tikib”. G.Mirzəyeva kömək üçün dövlət və hökumət orqanlarına üz tutub. Deməsinə görə, üç il fasiləsiz şikayət məktubları yazıb: “Prezidentə, vitse-prezidentə və digərlərinə rəsmi müraciətlərim olub. Astara Rayon İcra Hakimiyyəti Aparatına müraciət etmişəm. Onlar deyir ki, bizlik deyil”. Azadlıq radiosu