Tərtərdə Vətən Müharibəsi qazisi Məhəmməd Əhmədovun toy mərasimi keçirilib
Tərtər rayonunun Qaraağacı kəndində keçirilən toy mərasimində Vətən müharibəsi qazisi Məhəmməd Əhmədovun yaxınları, ailə üzvləri ilə bərabər, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Vətən Müharibəsi qaziləri, veteranları, silahdaşları və kən sakinləri iştirak ediblər. Siam.az bildirir ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimdə çıxış edərək, yeni ailə quran gəncləri təbrik edib, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini, onların “baş tacı”mız olduğunu bildirib, Məhəmməd Əhmədovun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışıb. Onun öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı ailə başçısı olacağını bildirib, qazinin valdeyinlərinəbelə vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib. Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduxlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, 3-cü qrup Vətən müharibəsi əlili, rayonun Qaraağacı kənd sakini Əhmədov Məhəmməd Mahir oğlu Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.