Tofiq Zülfüqarov: “Biz hansısa toqquşmanı səbəb kimi götürüb, bu və ya digər bölgədə təhlükəsizliyi təmin etmək üçün özümüzün nəzarət zonamızı genişləndirə bilərik”Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:- Ermənilər indi də bir-birinə qarşı mübarizə aparırlar. Xankəndindəki prosesləri tətikləyən hansı qüvvələrdir?- Mənə elə gəlir ki, burada maraqlı olan tərəflər çoxdur. Məsələ nədən ibarətdir? Vaxtilə ermənilərin birləşmək istəyi ki, var idi - “miatsum” məsələsi - faktiki olaraq bu, mümkün deyil, yəni Azərbaycan Ordusu imkan vermədi, həmçinin onların arasında ideologiya fərqi var idi, psixoloji baxımdan hamısı ortaya çıxdı. İkincisi də bu hadisələr həm Ermənistanın özündə, həm də ermənilər yaşayan bölgələrimizdə özünü göstərir. Görsənir ki, ümumiyyətlə, Qarabağ erməniləri özlərini həm dünyaya “müstəqil” tərəf kimi təqdim etsinlər, həm də müstəqil şəkildə öz siyasi məqsədlərinə çatsınlar. Hiss olunur ki, burada Köçəryanın və digər qarabağlı oyunçuların məqsədləri var. Yəni əsas məqsəd budur ki, məhz Qarabağda məskən salsınlar, siyasi və iqtisadi və sair mənada. Hiss edirlər ki, Ermənistanda onlara yer yoxdur. O ki qaldı oyunçulara, oyunçular çoxdur. Rusiyadakı ermənipərəst dairələr istəyirlər bu yolla məsələni uzatsınlar və orada bir siyasi oyunçu kimi ortaya çıxsınlar. Qərbdəki ermənipərəst dairələr də bəlkə maraqdadır. Çünki ikinci mərhələ buna gətirib çıxaracaq ki, “ay-haray, bunlar status istəyirlər” və sair. Yəni belə bir oyun ssenarisini qurub, vəziyyətdən çıxış yolunu bu şəkildə axtarırlar.
- Ümumiləşdirsək, Xankəndini, Rusiya qüvvələrinin təsir dairəsində olan digər şəhərlərimizi təcrübə poliqonuna çevirmək istəyirlər. Deməli, bu vəziyyətdən narahat olmaq üçün əsaslar var, elə deyilmi?- Biz gərək sadəlövh olmayaq ki, təkcə ruslar burada maraqlıdır. Ermənilərin təsiri altında olan Qərb dairələri də maraqlıdırlar ki, bəlkə də bu yolla mövzuya yenidən qayıda bilərlər. Yəni bunların statusu həll olunmayıb, yaxud onları öldürmək, güc tətbiq etmək olmaz və sair. Yəni kənarda belə bir oyunçular var. Onlar da bura qayıtmaq istəyirlər. Mən burada təkcə Rusiyanın bəzi dairələrinin yox, digərlərinin də maraqlarını görürəm.
- Deməli, bu baş verənlər Ermənistandakı seçkilərdən sonra müvəqqəti kütləvi emosiyanın məntiqi nəticəsi deyil, arxasında məkrli planlar dayanır, razılaşırsınız?- Artıq Qarabağ erməniləri başa düşüb ki, Ermənistan və Ermənistan erməniləri daha bunlara dəstək verən, onların yerinə vuruşan deyillər. Bu baxımdan onlar Ermənistandan ümidlərini kəsiblər. Amma deyirlər ki, yox e, biz oyunu davam edəcəyik, Köçəryan və digərlərinin dəstəsi... Təbii ki, Köçəryan bu oyunu təkbaşına oynamaq iqtidarında deyil, onun havadarları var.
- Yəni bu əllər Rusiyaya uzanır...- Bəli. Rusiyaya və Qərbdəki havadarlarına. Düşünürlər ki, bəlkə bu yolla oyuna qayıda bilərlər.
- Konkretləşdirsək, Rusiyadakı Lavrov qanadından, yaxud başqa bir hissədən söhbət gedə bilər, yoxsa bütövlükdə Kremldən?- Doğrusu, hələ ki bəlli deyil. Çünki hiss olunur ki, burada hansısa proseslərin əvvəlidir. Türkiyə və Azərbaycanın hər hansı bir hərəkəti xoşuna gəlməsə, Rusiya da vəziyyətdən istifadə edə bilər. Əslinə qalsa, köhnə idarəetmə üsulu ki var idi - söhbət münaqişədən gedir - onun balaca formasını formalaşdırırlar.
- Özü də bütün bunlar Ermənistandakı seçkilərdən sonra baş verdi, “Soros uşağı”nın komandasının parlamentdə böyük üstünlük qazanmasının ardınca Xankəndi erməniləri ayağa qalxdı. Belə çıxır ki, Qarabağ klanını, Köçəryan-Sərkisyan cinahını müdafiə edən qüvvələr burada növbəti planları işə salıblar...- Bəli. Aydındır ki, Ermənistan artıq Qərbə gedir, biz sizinlə bu haqda danışanda tənqidlərə məruz qalırdıq. Amma indi görünür ki, artıq bu plan reallaşır. Rusiyanın dayaqlarının əsas kütləsi Qarabağ ermənilərindən ibarətdir. Burada münaqişə zonası yaradırlar ki, bununla manipulyasiya edib, regionda bu və ya digər şəkildə öz maraqlarını təmin etsinlər.
- Bu halda Azərbaycan hansı addımları atmalıdır, sadəcə, müşahidə etməlidir, yoxsa qeyri-qanuni davranışlara sərt reaksiya verilməlidir, yaxud Rusiya ilə müzakirələr aparıb vəziyyəti nəzarətə götürmək istiqamətində addımlar atmalıdır?- Burada onların bir-biri ilə toqquşmasından istifadə etmək olar. Yadınızdadırsa, Araik-Muradov öpüşməsinin tənqidçiləri var idi. Biz bu proseslərdə bu və ya digər şəkildə iştirak etməli, proseslərdən hansısa formada öz xeyrimizə istifadə etməliyik. İkincisi, hesab edirəm ki, biz o bölgədə ermənilər üçün sülhməramlılardan fərqli bir dəhliz yaratmalıyıq. Belə məlumatlar çoxalır ki, ermənilərin süni şəkildə çıxmasının qarşısı alınır. Yəni hərbi xidmət yaşında olan ermənilərin kənara çıxışı qadağan olunub, onları xaricə buraxmırlar. Bu məsələni nəzərə alaraq, onlar üçün qeyri-rəsmi şəkildə hansısa təhlükəsizlik dəhlizini təşkil etmək olar. Dəhliz yaradaq, imkan verək, getmək istəyənlər çıxıb getsinlər. Burada insan hüquqlarından istifadə edilsin və sərbəst şəkildə o bölgədən çıxıb getsinlər. Digər addımlar da atıla bilər. Məsələn, biz hansısa toqquşmanı səbəb kimi götürüb, bu və ya digər bölgədə təhlükəsizliyi təmin etmək üçün özümüzün nəzarət zonamızı genişləndirə bilərik. Burada dinamik şəkildə bizim imkanlarımız çoxdur.
- Xankəndindəki etirazlar həm də Nikol Paşinyana qarşı yönəlib. Necə bilirsiniz, Qarabağ canilərinin zərərsizləşdiriməsi baxımından Paşinyanla əməkdaşlığımız mümkündürmü?- Əslinə qalsa, Paşinyan bizə köməkçi deyil. Çünki o özü də istəyir ki, bu məsələdən uzaqda qalsın. Deyəcək ki, bunlar nə edirlər-etsinlər, bizlik deyil, gedin, onlarla danışıqlar aparın, biz kənardayıq. Yəni onlar çoxdan belə bir mövqe sərgiləmək istəyirdilər. Amma dünyada belə bir təbliğat aparacaqlar ki, görmürsünüz, bunlar müstəqil siyasi mövqeyə malik olanlardır, onlarla danışmaq lazımdır, gəlin, vasitəçi olun, bunlarla görüşün. Bu, yenilik deyil, köhnə oyunlardan bəllidir.
- Həmsədrlərin yenidən bölgəyə gəlişi ərəfəsində Qarabağdakı aktivləşmə də suallar doğurur və təsadüfə bənzəmir...- Əlbəttə. Mən yuxarıda qeyd etdim və bu oyunu istismar edənlərin siyahısı heç də Rusiya ilə qurtarmır.
- O halda həmsədrlərin Xankəndinə getməsi, orada cinayətkar qruplaşmanın rəhbərləri ilə görüşməsi qanunlarımıza zidd olmaqla yanaşı, həm də bizə təhlükəli perspektivlər vəd etmirmi?- İndiki mərhələdə yox... Çünki onlar gərək bir-biri ilə dalaşıb, hansısa tayfa rəhbərini seçsinlər. Ondan sonra bəyanatlar verməyə başlayacaqlar. Hələliksə bir-biri ilə mübarizə aparacaqlar ki, bu tayfaya kim nəzarət edəcək. Bizim kontur-fəaliyyətimiz ondan ibarət ola bilər ki, çoxdan deyilən məsələ var, onların mülkiyyətini şirkətlər vasitəsilə satın almaq, bu miqrasiyanı sürətləndirmək lazımdır. Çünki indiki mərhələdə orada yaşayan ermənilərin qarşısında duran suallar budur: yaxşı, biz nə edək, təzə davaya girək, yoxsa aradan çıxaq? Burada aradan çıxmaq məsələsi çox aktual olacaq. Bir-iki şirkət onların məsələsini həll edə bilər. Yəni çox istiqamətli, fəal siyasət aparmalıyıq ki, onları mübarizədən çəkindirək. Düşünəcəklər ki, yaxşı, mənim nəyimə lazımdır yenidən davaya girim? Xəstələr də var, 35 minin içərisində olsun 5-10 min başıxarab. Amma qalanı normal adamlardır, deyəcəklər mənim pulumu verin, çıxım gedim.
- Belə həssas dönəmdə Köçəryan və digərlərinin Qarabağa girişini yasaq etmək lazım deyilmi?- Bəli. İlk mərhələdə biz məsələ qaldırmalıyıq ki, Ermənistan vətəndaşları Qarabağa gəlməsinlər. Köçəryan və digərləri də Ermənistan vətəndaşıdır. Bu baxımdan təbii ki, onun ora girməsi, siyasi xətti stabilliyə aparmayan yoxdur və qarşısını almalıyıq. Odur ki, bu məsələni dediyiniz kimi, sülhməramlıların qarşısında mütləq və mütləq qoymalıyıq.
- Bəs barəsində İnterpol xətti ilə axtarış verilmiş Araik Arutyunyanın taleyi necə olmalıdır?- Hələlik imkan verməliyik ki, o vuruşsun digərləri ilə.
- Tofiq bəy, Arutyunyan Rusiyanın açıqlamasını təkzib edərək, Qarabağda 57 min yox, 35 min erməninin yaşadığını söyləyib. Amma bu da az say deyil. “Havadan asılı qalan” Qarabağ ermənilərinə Rusiya pasportlarının verilməsi istiqamətində təxribatçı cəhd ola bilərmi?- Razılaşma bəndləri böhrana düşsə, nəsə edə bilər. Gərək elə şərait yaratmayaq ki, Türkiyə və Rusiya arasında vəziyyət gərginləşsin. Belə mövzularda gərək biz öz maraqlarımızı güdməklə yanaşı, kəskin qarşıdurmaya getməyək. Yəni həmişəki münasibətləri davam etdirmək, həmin taktikanı istifadə etmək lazımdır. İndi bəzilərinin əsas məqsədi ondan ibarətdir ki, Türkiyə Rusiyanı küsdürsün. Onların taktikası buna yönəlib. Odur ki, həmin qüvvələrə “pas” vermək olmaz. Təmkinlə öz məqsədimizə nail olmalıyıq. Burada bir problem də var. 35 min rəqəmi çox balaca rəqəmdir. Hadisələrdən istifadə edib o rəqəmi bir az da kiçiltmək olar. Kiçildib də münaqişə üçün əsasları lap azaltmaq lazımdır. Təbii ki, 50-10 minlə orada real mübarizə apara bilməzlər.
O məsələyə sonra baxarıq. Kim qalmaq istəyərsə, Azərbaycan pasportu verərik.
Tarix: 24-06-2021, 21:52