Azərbaycanın Qarabağda qələbəsindən sonra Rusiya sülhməramlılarının himayəsi altında Xankəndiyə qayıdan Ermənistan vətəndaşları sabaha ümidlə baxa bilmirlər və o üzdən də Azərbaycan torpaqlarını kütləvi qaydada tərk edirlər. Onların əksəri burada perspektiv görmür.Sosial şəbəkələrdə yazılanlar belə deməyə əsas verir. Onların çoxu şəhəri tərk etməyə hazırlaşır. Rusiyaya üz tutmaq istəyənlər çoxluq təşkil edir. Ermənistanın başqa yerlərinə yollanmaq istəyənlər də az deyil.
Pravda.az xəbər verir ki, Xankəndidə həkim kimi fəaliyyət göstərdiyini bildirən Marat Yeqanyan vəziyyətin yaxşı olmadığını yazıb. Onun sözlərinə görə, ətrafındakı ermənilərin əksəri əşyalarını toplamağa başlayıb.
“Mağazaya tanışımının yanına getmişdim. Məlum oldu ki, tezliklə gedirlər. Çörək sexində də eyni vəziyyətdir. Poçtda da getməyə hazırlaşırlar. Araiklə burada qalacağımıza ümid yoxdur”, - Yeqanyan sosial şəbəkə statusunda belə yazıb.
Həkim “burada qalacağımıza ümid yoxdur” ifadəsi ilə Xankəndinin boşaldılmasına işarə vurur. O, qondarma rejim üçün işıq görünmədiyini nəzərdə tutur. Yəni Xankəndini istənilən halda boşaltmaq lazım gələcək.
Qarik Xaçikyan Yeqanyana müraciətlə yazıb ki, heç nəyə təəccüblənmək lazım deyil: “Hər yerdə danışırlar ki, tezliklə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq, Artsax da Azərbaycanın tərkibində qalacaq. Bax buna görə də camaat getməyə hazırlaşır”.
Karina Xaçaturyan hesab edir ki, gedənləri qınamağa dəyməz: “İnsanlar uşaqlarının gələcəyini düşünür. Ölkədə işıqlı gələcək gözlənilmir”.
Hasmik Aruşanyan Yeqanyanı gerçək vəziyyəti göstərdiyinə görə qınayıb. O, heç də hamının getmək istəmədiyini yazıb. Yeqanyan Aruşanyanın cavabını verib: “Ola bilər ki, siz getməyi düşünmürsünüz. Amma hazırlaşanlar çoxdur. Bunu görməmək mümkün deyil”.
David Davidyan bildirib ki, ölkə əhalisinə üçüncü növ insan kimi yanaşılır. Mher Arutyunyan da bu fikirlə razılaşıb: “Xaricdə lap axırıncı adam hesab olunacaqlar”.
Marat Yeqanyanın paylaşımı
Yeqanyan ona etiraz bildirənlərə bir videoya baxmağı tövsiyə edib. Burada Xankəndidə məskunlaşan ermənilərin necə sıxıntı keçirdiyindən bəhs olunur. Videoda əksəriyyətin çemodanlarını toplamasından danışılır.
Bizimyolinfo
Tarix: 25-06-2021, 23:03