‘Komandirimiz rus sülhməramlılara nəsə dedi, bizi yoxlamadılar’




Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığındakı meşəlik ərazilərdə saxlanmış və hazırda Bakıda hakim qarşısına çıxarılaraq mühakimə olunan ermənilər deyir ki, ora gəlmələrindən rus sülhməramlılarının xəbəri vardı. Bu barədə onlar iyunun 29-da məhkəmədə ifadələrində bildiriblər.
Terrorçuluq, Azərbaycan sərhədlərini qanunsuz keçmə və başqa əməllərdə suçlanan Ermənistan vətəndaşlarının məhkəməsində onların özlərinin dindirilməsi mərhələsidir. İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Azərbaycanla Ermənistan arasında döyüşlərin dayanması haqda razılaşmadan sonra terror aktları, təxribatlar törətmək məqsədilə silahlanaraq 26-27 noyabrda Hadrut meşələrinə yerləşiblər. Dekabrın 13-ə qədər Azərbaycan ərazilərində müxtəlif terror aktları, təxribatlar törədiblər.

“Bizi orada qoyun kimi atıb getdilər”

Təqsirləndirilən şəxslər isə deyir ki, onları Gümrüdəki Hərbi Komissarlıqdan polkovnik Artur Muradyan avtobuslarla yola salıb, onun müavini Arsen Kazaryan isə yolda müşayiət edib. Yolda rus sülhməramlıları da onların əllərində silahlar olduğunu görüb. Təqsirləndirilən şəxslərin sözlərinə görə, Kazaryan sülhməramlılarla hətta nəsə danışıb da. Onlar rahat şəkildə keçib gəliblər.
Edqar Matesyan bildirib ki, Kazaryan meşədən qaçanları 8 ildən 12 ilə qədər həbs cəzası ilə hədələyib. Ona görə heç kim qaçmağa meyl göstərməyib və əmrə tabe olublar: “Laçından 3-4 kilometr sonra rus sülhməramlılarının yanında dayandıq. Orada komandirlərimizlə söhbət etdilər. Bizi yoxlamadan maşınlarımızı buraxdılar. Uzun yol gedəndən sonra hamımızı düşürtdülər. Dağın ətəyində Arsen Kazaryan çıxış edib dedi ki, artıq sülhdür. Biz ancaq burada müşahidə ilə məşğul olacağıq. Bizi aldatdılar ki, bir neçə günə gəlib bizi aparacaqlar. Yəni, müşahidə növbəsi dəyişəcək. Həmin vaxt başımızın üstündən pilotsuz uçuş aparatları uçurdu. Kazaryan dedi ki, rusların və azərbaycanlıların pilotsuz uçuş aparatlarıdır, sərhədləri qoruyurlar. Bizi orada qoyun kimi atıb getdilər”.

“Vəziyyətimiz çox çətin, hava soyuq idi”

Volodya Akopyan da ifadəsində Hadrut meşələrinə gedərkən yolda komandirləri Kazaryanın rus sülhməramlıları ilə nəsə danışdığını söyləyib. Onun sözlərinə görə, sülhməramlılar onları heç yoxlamayıb: “Komandirimiz rus sülhməramlılarla nəsə danışdı, bizi yoxlamadan yola verdilər. Təxminən 40-50 dəqiqə yol gedəndən sonra dağın ətəyində düşdük. Amma dağın başına çıxdıq. Palatkalar qurdular, ərzaqla təmin olunurduq. Olduğumuz yerdə vəziyyətimiz çox çətin, hava soyuq idi. Kazaryan dekabrın 13-də tapşırıq verdi ki, dağdan düşün, yeni növbə gəlir, biz evə gedirik. Düşəndə yolu səhv saldıq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq. 60 nəfərə yaxın idik. Heç bir müqavimət göstərmədən təslim olduq”.
Məhkəmə prosesi davam edir.
Azadlıq radiosu
Tarix: 30-06-2021, 11:24
Xəbəri paylaş





Xəbər lenti