Zəngəzur dəhlizi - xilas dəhlizi: Ermənistan üçün “şok-terapiya”sı başlayır



Erməni xalqı Paşinyana ikinci dəfə mandatı yalnız bircə səbəbə görə verib; yeni qurulacaq hökumətin yanılma limiti bitib; politoloq: “Dəhlizin istifadəsi ilə bağlı yeni müqavilələr imzalanacaq...”

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan tezliklə yeni hökumətin tərkibini təzə parlamentə təqdim eləməlidir. İstisna deyil ki, ikinci kabinetdə köhnə nazirlər də yer alacaq. Lakin əsas olan komandanın nə dərəcədə islahatçı potensiala və imicə malik olmasıdır. Çünki 44 günlük savaşdan kapitulyasiya ilə çıxan, iqtisadiyyatı dərin böhran içində olan Ermənistanın vaxtı çox az qalıb.
Elə erməni elektoratın əksəriyyəti son parlament seçkilərində Paşinyanın partiyasını ona görə qalib edib ki, ən əvvəl ölkədə sosial-iqtisadi durumun yaxşılaşması yönündə real addımlar atsın. Əhali müsbət dəyişiklikləri tezliklə öz üzərində görmək istəyir. Əks halda, sabiq prezident, seçkilərdə özünün “Hayastan” bloku ilə 2-ci yeri tutmuş Robert Köçəryanın hədələdiyi kimi, cəmi 1 il və ya ilyarım sonra yeni seçkilər qaçılmaza çevrilə bilər.
Odur ki, Nikol Paşinyan və komandası ona ikinci dəfə verilən etimad mandatından düzgün istifadə eləmək və bir növ “iqtisadi şok-terapiya”yaya getmək zorundadır. Yanılmaq limiti bitib. Bundan ötrü isə 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin bütün bəndlərini ləngimədən yerinə yetirmək lazım gələcək. Əslində erməni xalqı ona mandatı həm də buna görə verib - müharibəni deyil, sülhü seçməklə...       
***** 
Ermənistanın maliyyə təhlükəsizliyi sual altına düşüb » Reyting.az
Bu arada Ermənistanın iqtisadi göstəriciləri ağırlaşmada davam edir. Məsələn, dövlət borcu 8 milyard dollara yaxınlaşmaqla (7 milyard 969 milyon) artıq “idarə olunan hədd”i keçib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə srağagün ölkənin maliyyə naziri Atom Cancuqazyan parlamentdə çıxışı zamanı bildirib.
“Çoxsaylı müzakirələrə baxmayaraq, dövlət borcunun nominal və nisbi həcmi bizimlə oxşar xüsusiyyətlərə malik ölkələr üçün idarəedilən sayılan həddi aşıb”, - deyə o, 2020-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın təsdiqlənməsi barədə layihəni təqdim edərkən söyləyib.
Nazir ümid etdiyini bildirib ki, qarşıdakı 5 il ərzində iqtisadi böyümə proqramları iqtisadi potensialı artırmağa və bununla da borc yükünün azalaraq ÜDM-ə nisbətdə 60%-dən aşağı, yəni idarə olunan həddə düşməsinə imkan verəcək.
*****
Lakin belə layihələr ölkədə iqtisadi qalxınmanı labüd edir ki, bu da Ermənistanın blokadası götürülmədən, qonşu Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari, biznes əlaqələri tam həcmdə qurulmadan mümkün deyil. Vurğulandığı kimi, bu işlər həm də sürətli aparılmalıdır ki, narazı xalqda Paşinyan komandasına verilən etimad mandatına görə məyusluq yaranmasın. Bundan ötrü isə ilk növbədə realist düşüncə, öz xalqına müharibədən sonrakı sərt gerçəklikləri anlatmaq gərəkdir, nəinki miflər, sərsəm ideyalar və illüziyalarla yaşamağa davam eləmək.
Rəsmi Bakının dönə-dönə bəyan elədiyi kimi, Dağlıq Qarabağ konflikti daha yoxdur, olmayacaq və Ermənistan həqiqətən yuvarlandığı siyasi-iqtisadi böhrandan çıxmaq istəyirsə, o zaman Azərbaycanla ləngimədən böyük sülh müqaviləsi imzalamalı, ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanımalıdır. 10 noyabr 2020, 11 yanvar 2021-ci il üçtərəfli sənədləri ilə “siçan-pişik” oyunları bitib.
Erməni diasporası və Ermənistan iqtisadiyyatı
Onsuz da bölgədə proseslər İrəvanın iradəsindən kənarda gedir. Yollar, dəhliz gec-tez açılacaq. Ancaq bunlar nə qədər tez baş versə, ən çox uduşda məhz erməni xalqı olacaq. Ona görə ki, bu dəqiqə ən ağır durumda olan odur, Ermənistandır. Köhnə nəqliyyat yollarının açılması Azərbaycan və Türkiyə üçün bir elə həyati önəm kəsb eləmir, çünki yeni alternativ kommunikasiyalar, logistika çoxdan qurulub. Bu mənada Zəngəzur dəhlizinin açılması ilə əslində Ermənistanın xilası başlayacaq...          
*****
“İndi hər şey atalar sözündəki kimi baş verir: ”İt hürür, karvan keçir".
Bunu rusiyalı tanınmış politoloq Aleksandr Perenciyevi Caliber.Az-a müsahibəsində deyib. Politoloq bildirib ki, müxtəlif dağıdıcı qüvvələrin müqavimətinə baxmayaraq, Naxçıvana dəhlizin (Zəngəzur dəhlizinin - red.) olması qaçılmazdır.
“Bu, bütün Güney Qafqaz ölkələrinin, Türkiyənin, İranın və təbii ki, Rusiyanın mənafeyinə uyğundur. Söhbət konkret bir dəhlizdən getmir. Rusiya, Azərbaycan və İranın iştirak etdiyi ”Şimal-Cənub" layihəsi hazırlanır. Digər nəqliyyat kommunikasiyalarının meydana çıxması  “Şimal-Cənub”u gücləndirəcək, onun səmərəliliyini artıracaq", - deyə analitik vurğulayıb.
Rus qoşunları Zəngəzura doğru: Ermənilər narazı, bizimkilər narahat - NƏ  BAŞ VERİR? » Gundelikxeber.org
Ekspert son vaxtlar Ermənistan ərazisində (Zəngəzurda) yeni Rusiya hərbi bazasının yaradılması zəruriliyi haqda fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu, dəhlizin fəaliyyətinin daha yaxşı koordinasiyasına və işinin təminatına kömək edəcək. Və heç bir “torpaq zəbti” olmayacaq.
“Rusiya bütün tərəflərin - həm Azərbaycanın və Türkiyənin, həm də Ermənistanın və digər dövlətlərin maraqları naminə hərəkət edəcək, bir növ tənzimləyiciyə çevriləcək. Əminəm ki, dəhlizin istifadəsi ilə bağlı yeni müqavilələr imzalanacaq. Proses davam edir. Biz pis niyyətli şəxslərin yaratdığı ”qara fon"dan, “acı dillərdən” uzaqlaşmağa çalışmalıyıq. Nəzərə almaq lazımdır ki, regiondakı bütün ölkələr güzəştə gedir və kommunikasiyaların açılması iqtisadi inkişaf və rifah gətirəcək", - deyə Perenciyev əlavə edib.
İqtisadi inkişaf, rifah və regional inteqrasiya isə bölgədə çoxdan gözlənilən sabitlik, yeni müharibə riskinin gündəmdən çıxması deməkdir ki, bu da yenə ilk növbədə Ermənistana lazımdır...    
Analitik xidmət,
“Yeni Müsavat”
Tarix: 2-07-2021, 14:28
Xəbəri paylaş





Xəbər lenti